"Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb".
Qaziler.az bildirir ki, bununla bağlı politoloq Məhəmməd Əsədullazadə öz feysbuk səhifəsində paylaşım edib.
Bir az öncə ABŞ -ın vasitəçiliyi məsələsinə toxunan politoloq bildirib ki, Vaşinqton sülh müqaviləsinin bağlanması istiqamətində real addımlar ataraq prosesə yekun vurmağa çalışır.
"ABŞ -ın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri görüşü planlaşdırılmışdı. Vaşinqton sülh müqaviləsinin bağlanması istiqamətində real addımlar ataraq prosesə yekun vurmağa çalışır. Görüş öncəsi, Laçın istiqamətində Ermənistan tərəfindən atəşkəsin pozulmasına və təxribatlara yol verilməsi təsadüfi deyildi.
Qeyd edim ki, N. Paşinyan parlamentin iclasında çıxışında vurğuladı ki, bu təxribatı həyata keçirən orduda beşinci kolondu. Həmçinin Azərbaycanla birgəyaşayış və sülhün önəmini vurğulayaraq Ermənistanın inkişafını təhlükəsizlikdən asılı olduğunu açıq bəyan etdi. Göründüyü kimi, N. Paşinyan son təxribatda dolayı yolla Ermənistan tərəfindən edildiyini və özünün xəbəri olmadığını bəyan etdi.
Ermənistan baş naziri bunu deməklə, orduya tam nəzarət edə bilmədiyini, üçüncü ölkələrə işləyən hərbiçilərin işi olduğunu qabartdı. O, bununla, bu təxribatın arasında Rusiyanın olduğunu dolayısı ilə elan etdi".
11 aprel döyüşündən sonra, Rusiyanın təşəbbüsü ələ aldığını söyləyən M. Əsədullazadənin fikrincə, nəzərdə tutulan görüşün Vaşinqtonda deyil, Moskvada olacağını Rusiya XİN-in elan etməsi ilə bir daha aydın olur ki, Moskva təxribatın arxasında olub: "Amma burada Ermənistan siyasi-hərbiliyi də məsuliyyət daşıyır. Çünki, Azərbaycan postu qarşısında yeni mövqelər qurmaq və xüsusi təyinatlı qüvvələri yerləşdirmək ciddi təxribatdan xəbər verir. Belə bir yerləşmədən Nikol Paşinyan xəbəri olmadığını da dedi.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması üçün Rusiya Ermənistan ordusundan təxribatlar üçün geniş istifadə edir. Demək olar ki, N.Paşinyan orduya ya nəzarət edə bilmir, yaxud proseslərin bu nöqtəyə gəlməsində maraqlıdır. Belə aydın olur ki, ordu ilə hökumət arasında ciddi koordinasiya problemi yaranıb".
Liderlərin Moskvada görüşündən heç bir nəticə gözləmədiyini yazan politoloq bildirib:
"Liderlərin Moskvada görüşə gəlincə, əvvəlki nəticəsiz görüşün davamıdır. Rusiya rəhbərliyi görüntü yaradıb, prosesləri idarə etmək planını həyata keçirir. Azərbaycan Moskvada görüşə qatılmamaqla, obyektiv mövqe ortaya qoya bilər. Moskva görüşü sülh üçün deyil, böhranın davam etməsinə xidmət edir".
QAZİLER.AZ