XİN Paşinyana cavab verib: "Laçın yolu Azərbaycanın suveren ərazisidir"

XİN Paşinyana cavab verib: "Laçın yolu Azərbaycanın suveren ərazisidir" backend

"Ermənistan baş naziri Nikol Paşinyanın bölgədəki vəziyyətə dair növbəti dəfə manipulyasiya cəhdləri qəbuledilməzdir. Ermənistanın ölkəsinə demokratiya donu geyindirərək, təcavüzkar fəaliyyətini davam etdirməsi heç kəsə sirr deyil".

Qaziler.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O qeyd edib ki, N.Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı müvəqqəti qərarını növbəti dəfə yanlış təfsir etməsi və Azərbaycanın guya Laçın yolunu bağladığı barədə iddialar səsləndirməsinin heç bir əsası yoxdur.

A.Hacızadə vurğulayıb ki, bununla yanaşı, Azərbaycanın suveren əraziləri olan Laçın yolunun şimalında Ermənistanın torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadəsinin, Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşmək və potensial təxribatların törədilməsi niyyətinin qarşısını almaq məqsədilə Azərbaycan ordusunun bölmələri tərəfindən heç bir güc tətbiq olunmadan müvafiq nəzarət tədbirləri görülməsinin Ermənistan baş naziri tərəfindən işğal kimi qiymətləndirilməsi qəbuledilməzdir.

"Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını intensivləşdirən Ermənistanın qanunsuz fəalityyətlərinin qarşısının alınması Azərbaycanın suveren hüququdur və Azərbaycan bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilməsində qərarlıdır.

Bununla yanaşı, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyin, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin nəzarətə götürülməsi barədə məlumatların Ermənistan tərəfindən gərginliklə qarşılanması və Baş nazirin bu məlumatı çıxışı zamanı şərh etməsi anlaşılan deyil.

Ermənistan Baş nazirinin həmçinin Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunu danması onun birbaşa tabeliyində olan Ermənistanın digər rəsmi şəxslərinin və Müdafiə Nazirliyinin silahlı qüvvələrin hələ də çıxarılmadığı barədə bəyanatları ilə uzlaşmadığı yaxşı məlumdur.

Ermənistan tərəfinin bütün faktlara baxmayaraq, 30 il müddətində qüvvələrinin Azərbaycanı işğal etmədiyini də iddia etdiyini yaxşı xatırlayırıq. Ermənistastanın bütün bu iddialarının heç bir əsasının olmadığı dəfələrlə sübut edilib və BMT Təhlükəsizlik Şurasının qətnamələri də Ermənistan qüvvələrinin qeyd şərtsiz və dərhal çıxarılmasını tələb edib. Ermənistan tərəfi Üçtərəfli bəyanata uyğun olaraq qüvvələrini tam olaraq Azərbaycan ərazisindən çıxarmalıdır.

Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Beynəlxalq təşkilatları Azərbaycana dəvət etmək və ölkəmizin daxili işlərinə qarışmaq əvəzinə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Ermənistanın son həftələrdə Azərbaycana qarşı təcavüzkar ritorikanı artırması, 5 və 20 mart tarixlərində silahlı qüvvələrimizə qarşı təxribatlara yol verməsi və bölgəyə əlavə qüvvələr yığması bir faktdır. Həm 30 illik işğal dövründə, həm də 2020-ci ildən sonra Ermənistanın hər təxribata hazırlaşmazdan əvvəl bütün məsuliyyəti Azərbaycan üzərinə atması və təxribatlara yol verməsi hər kəsə məlumdur.

Baş nazirin Azərbaycanın etnik təmizləmə və “soyqırım” aktı törətmək niyyətində olması barədə növbəti dəfə səsləndirdiyi absurd fikirlərə gəldikdə qeyd edək ki, Azərbaycan tarix boyu Ermənistanın azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınların qarşılığında heç zaman mülki əhalini hədəf almayıb. Ermənistanın terror və kütləvi qırğın siyasəti və əməlləri bütün sənədlərlə tarixin yaddaşına həkk olunub və bunu danmaq Ermənistanın bu əməllərdən imtina etmədiyini sübut edir.

Ermənistan tərəfinin bu təhrikçi və təxribatçı bəyanatları bölgədə sülhün bərqərar olunması istiqamətində beynəlxalq səylərin canlanması şəraitində Ermənistanın sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətindən xəbər verir və bu kimi addımların qarşısı qətiyyətlə alınmalıdır", - XİN rəsmisi vurğulayıb.

Diaspora