XİN ABŞ Dövlət Departamentinin insan hüquqları ilə bağlı hesabatını pisləyib

XİN ABŞ Dövlət Departamentinin insan hüquqları ilə bağlı hesabatını pisləyib backend

Dünya xəbərləri Materials 25 Mart 2023 04:07 Türkiyə Xarici İşlər Nazirliyi hesab edir ki, ABŞ Dövlət Departamentinin insan hüquqları hesabatında Türkiyə ilə bağlı yalan məlumatlar və əsassız iddialar var.

QAZİLER.AZ Trend-ə istinadən verdiyi xəbərə görə, Türkiyə XİN-in yazılı bəyanatında bu barədə deyilir.

"ABŞ Dövlət Departamentinin 2022-ci il üzrə İnsan Hüquqları Hesabatında əvvəlki illərdə olduğu kimi ölkəmizlə bağlı həqiqətə uyğun olmayan məlumatlar, əsassız iddialar, qərəzli şərhlər yer alıb. Biz onları qınayırıq və tamamilə rədd edirik. Ölkəmizin və bölgəmizin təhlükəsizliyi üçün başda PKK/PYD/YPG, FETÖ, İŞİD və DHKP-C olmaqla terror təşkilatlarına qarşı mübarizəmiz beynəlxalq hüquq normaları və insan hüquqlarına hörmət çərçivəsində qətiyyətlə davam edir. Bu ədalətli mübarizəmizin təhrif olunaraq hesabatda əks olunmasını qəbul etmirik", - deyə bəyanatda bildirilir.

Türkiyə XİN təəssüf edir ki, hesabatda PKK-nın 2022-ci ildə Türkiyədə həyata keçirdiyi terror aktlarının və təşkilatın törətdiyi insan hüquqları pozuntularının yalnız bir hissəsi yer alıb.

"Hesabatın Suriya bölməsində “Suriya Demokratik Qüvvələri” adlanan qruplaşmanın Suriyada törətdiyi insan haqları pozuntuları yer alarkən, bu strukturun PKK/PYD/YPG terror təşkilatının nəzarətində olduğunun qeyd edilməməsi təəccüb doğurur.

Bu hesabatın PKK/PYD/YPG və FETÖ terror təşkilatlarının fəaliyyətinə göz yuman, hətta “ortaqlıq” quran bir ölkə tərəfindən hazırlandığını ictimaiyyətin diqqətinə çatdırır və bu hesabatın qanuniliyinin və etibarlılığının şübhə altında olduğunu bildiririk. Bir daha vurğulayırıq ki, açıq-aşkar siyasi motivlərlə formalaşan və obyektivlikdən tamamilə məhrum olan bu hesabat ciddi qəbul edilə bilməz və ABŞ-ı insan hüquqları ilə bağlı öz pozuntularına diqqət yetirməyə dəvət edirik", - deyə hesabatda bildirilir.

 

 

Diaspora