İslamofobiyaya qarşı birlikdə mübarizə aparmalıyıq - BMT baş katibinin müavini

İslamofobiyaya qarşı birlikdə mübarizə aparmalıyıq -  BMT baş katibinin müavini backend

İslamofobiyaya qarşı birlikdə mübarizə aparmalıyıq. Biz birlikdə İslamı sülh və monoteizm dini kimi təbliğ etməklə islamofobiyaya qarşı mübarizə aparmalıyıq.

Trend-in məlumatına görə, bu barədə BMT baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos “İslamofobiya irqçilik və ayrı-seçkiliyin spesifik forması kimi: yeni qlobal və transmilli çağırışlar” konfransın açılışında videomüraciətində deyib.

O qeyd edib ki, 15 mart Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan edilib.

“İslamofobiya ilə mübarizə günü niyə elan edildi? Çünki bu, ksenofobiya, dözümsüzlük kimi problemlərin yanında dayanır. Müsəlmanların öz mənşəyi ilə fəxr etmək haqqı var.

“Ümid edirik ki, iki gün ərzində biz İslama necə hörmətlə yanaşmaq və islamofobiyaya qarşı birgə mübarizə aparmaqla bağlı mühüm məsələləri müzakirə edəcəyik”, - deyə o əlavə edib.

Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparacaqlar.

Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

Diaspora