Martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünün bağlanış sessiyası keçirilib.
Trend xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçirilən bağlanış sessiyasında çıxış edən Yeni Kaledoniyanın müstəqillik uğrunda Kanak Sosialist Milli-Azadlıq Cəbhəsi müstəqil hərəkatının nümayəndəsi Forrest Mikael Jozept Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakın yaratdığı fürsətdən istifadə edərək Fransanın müstəmləkəçi mövqeyini qınadığını bəyan edib. Bildirib ki, COVID-19 pandemiyasına baxmayaraq, 2021-ci ilin dekabrında Yeni Kaledoniya Fransanın təzyiqi ilə adada üçüncü referendumun keçirilməsinə məcbur oldu. O, müstəmləkəsizləşdirmə komitəsinin fəaliyyətinin bir hissəsi olaraq yaşayan əhalinin tam suverenliyini bərpa etmələri üçün dialoqa şərait yaradılmasının əhəmiyyətini vurğulayıb.
“Bildiyiniz kimi, Sakit Okean regionu həm də dünyanın böyük dövlətləri üçün geostrateji bölgədir. Ölkəmizin vəziyyəti haqqında dünya ölkələrini məlumatlandırmağa davam etmək baxımından Qoşulmama Hərəkatı bizim üçün vacib platformadır. Ümid edirik ki, gün gələcək və Yeni Kaledoniya yenidən öz suverenliyinə və müstəqilliyinə qovuşacaq”, - deyən Forrest Mikael Jozept Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyini yüksək qiymətləndirdiklərini qeyd edib.
Digər çıxış edənlər - Meksikanın Azərbaycandakı səfiri Maria Viktoriya Romero Kabalyero, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Olga Algayerova, Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi, Etimad Tədbirləri üzrə Konfransın (CICA) Baş katibi Kairat Sarybay, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə COVID-19 pandemiyasının insanlara çoxtərəfli əməkdaşlıqların əhəmiyyətini nümayiş etdirdiyini bildiriblər. Qeyd olunub ki, bütün dövlətlər birgə əməkdaşlıqla dayanıqlılığı təmin edə bilər. Bu səbəbdən Qoşulmama Hərəkatı belə qlobal məsələlərin müzakirəsi üçün əlverişli platformadır.
Həmçinin qeyd olunub ki, pandemiya miqrantlar və köçkünlərlə bağlı bərabərsizliyi daha da dərinləşdirib, onlar üçün ciddi problemlər yaradıb. Bundan əlavə, dünya əhalisinin üçdəbiri hələ də COVID-19 vaksininin ilk dozasını qəbul etməyib. Diqqətə çatdırıb ki, dünya gələcəkdə yeni pandemiyaların olmasından sığortalanmayıb, ona görə də insanlar gələcəkdə potensial pandemiyalara və onun yarada biləcəyi çətinliklərə hazır olmalıdırlar.
Çıxışlarda vurğulanıb ki, Azərbaycanın sədrliyi müddətində Hərəkat bir çox yeniliklərə addım atıb. Natiqlər Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndiriblər.
Sonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sammit iştirakçılarına dərin minnətdarlığını bildirərək qeyd edib ki, tarixindən, siyasətindən və mədəniyyətindən asılı olmayaraq, Hərəkat üzvləri eyni prinsiplər ətrafında birləşiblər. Nazir vurğulayıb ki, bu Sammit həmrəylik, əməkdaşlıq və multilateralizmin əsl nümunəsinə çevrilib. Sammit çərçivəsində ikitərəfli gündəlikdə duran məsələlər üzrə səmərəli görüşlər keçirilib və müzakirələr aparılıb.
C.Bayramov, həmçinin vurğulayıb ki, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan beynəlxalq gündəmdəki bir sıra aktual məsələlərin həllində liderlik nümayiş etdirib. Onun sözlərinə görə, Azərbaycanın təşkilatda sədrlik müddəti bu il başa çatsa da, ölkənin Qoşulmama Hərəkatına yardımı və onunla əməkdaşlığı fəal şəkildə davam edəcək.
Bununla da Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü başa çatıb.