Çin artıq Ukraynadakı müharibənin dayandırılmasında maraqlıdır - Təklifləri var

Çin artıq Ukraynadakı müharibənin dayandırılmasında maraqlıdır - Təklifləri var backend

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü, partiyanın xarici işlər üzər komissiyasının dəftərxana rəhbəri Van İ Rusiyaya səfəri zamanı həmkarı Sergey Lavrov və Kreml sahibi Vladimir Putinlə görüşüb. Çinli diplomatın Moskvada ən yadda qalan açıqlaması bu olub: “Çin və Rusiya strateji qərarlılığa və çoxqütblü dünyaya sadiqdirlər”.

Van İ Moskvadan əvvəl Avropa ölkələrində olub. Van İ Brüsseldə olarkən Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Cozep Borrelə belə bir sual verib: “Qərb Ukraynaya hərbi texnika satarkən, Çinə Rusiyaya hərbi texnika satmağı niyə qadağan etmisiz?” Aydındır ki, bu sualı səsləndirən çinli diplomat Kremldə yüksək səviyyədə qarşılanıb və onunla geniş fikir mübadiləsi aparılıb. Əslində Çin Rusiyaya hərbi texnika satmağa hazırlaşmır, sadəcə çinli rəsmilər Qərbin Çinə nəyisə qadağan etməsini doğru saymırlar.

Kreml Çindən arxayındır. Buna baxmayaraq, Pekin Moskvanı anlatmağa çalışır ki, Ukraynada müharibənin davamı Çinə Qərblə münasibətlərdə əlavə problemlər yaradıb, bu Çin iqtisadiyyatına və ticarət əlaqələrinə mənfi təsir edib. Pekin Rusiyanın Ukraynadakı işğalçı müharibəsinə görə Qərbin sanksiyaları ilə üzləşmək istəmir. “Bloomberg” agentliyinin məlumatına görə, Çin lideri Si Tsinpinin müharibənin dayandırılmasıyla bağlı təklifləri var.

Pekinin sülh təklifləri reallaşmayacaq. Çünki bu təkliflərin içərisində Ukraynaya silah və hərbi texnikanın verilməsinin dayandırılması bəndi də var. Bunun reallaşması mümkün deyil. Kremlin özü də Pekinin təkliflərinə maraq göstərmir. Kremlin Pekindən əsas istəyi iki ölkənin birgə səyləri ilə Amerikanın hegemonluğuna son qoyaraq çoxqütblü dünya formalaşdırmaqdır. Pekin çoxqütblü dünyanın formalaşdırılmasının tərəfdarıdır, ancaq Kreml kimi Qərblə açıq qarşıdurmanın əleyhinədir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

QAZİLER.AZ

Diaspora