Fevralın 20-də Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən sədri Şahin Mustafayev ilə Dağıstan Respublikası Hökumətinin sədri, Komissiyanın Dağıstan tərəfindən sədri Abdulmüslüm Abdulmüslümovun görüşü olub.
Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etməsi qeyd olunub. Vurğulanıb ki, iki ölkənin prezidentlərinin səyləri sayəsində dövlətlərarası münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Ş.Mustafayev deyib ki, Azərbaycan Rusiya Federasiyasının 80-ə yaxın subyekti ilə iqtisadi əlaqələr saxlayır. Baş nazirin müavini daha sonra bildirib: “Təqribən 20 subyektlə, o cümlədən Dağıstan Respublikası ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq barədə sazişlər imzalanıb”.
Vurğulanıb ki, eyni dildə danışan, ortaq tarixi, mədəni və mənəvi dəyərlərə malik olan Azərbaycan və Dağıstan xalqları arasında münasibətlər əsrlər boyu formalaşıb.
Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin mühüm rolu xüsusi qeyd edilib.
Ş.Mustafayev deyib: “Bu gün Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan-Dağıstan münasibətlərinin inkişafına xüsusi diqqət yetirir. Mövcud sanballı potensialdan istifadə edilməklə əməkdaşlığımızı inkişaf etdirmək barədə dövlətimizin başçısı tərəfindən tapşırıq verilməsi bu diqqətə sübutdur”.
Qeyd edilib ki, ötən il dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyev ilə Dağıstanın rəhbəri Sergey Melikov arasında keçirilmiş görüşün yekunlarına əsasən birgə layihələr üçün perspektivli istiqamətlər müəyyən edilib.
Baş nazirin müavini deyib: “Liderlər arasında əldə edilmiş razılaşmalara böyük əhəmiyyət veririk. Tərəflər arasında bu razılaşmaların reallaşdırılması məqsədilə Əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair Tədbirlər Planı hazırlanıb”.
Qeyd edilib ki, Tədbirlər Planında qarşılıqlı ticari-iqtisadi fəaliyyətin inkişafına və investisiyaların daha fəal cəlb edilməsinə xüsusi diqqət yetirilir.
Vurğulanıb ki, bu sənəddə sənaye kooperasiyasının nizamlanması da nəzərdə tutulur. Şüşə istehsalı üzrə birgə müəssisələr yaradılmasının mümkünlüyü və gəmiqayırma sahəsində qarşılıqlı fəaliyyət məsələlərinə diqqət artırılacaq.
Tərəflər aqrosənaye kompleksində Azərbaycan ilə Dağıstan arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensial olduğunu göstəriblər. Qeyd edilib ki, Tədbirlər Planında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və sərhədyanı infrastrukturun yaxşılaşdırılması üzrə birgə tədbirlər həyata keçirilməsi də nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, Azərbaycan tərəfi Rusiya Federasiyası ilə dövlət sərhədində buraxılış məntəqələrinə avtomobil və dəmir yolları çəkilməsi, habelə mövcud yolların yenidən qurulması ilə bağlı işlər görür.
Ş.Mustafayev deyib ki, Azərbaycan Prezidenti ikitərəfli razılaşmalar çərçivəsində “Samur” və “Xanoba” sərhəd-buraxılış məntəqələri arasında 24 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması və genişləndirilərək dörd zolağa çatdırılması, habelə “Xanoba” gömrük məntəqəsinin yenidən qurulması üçün vəsait ayırıb.
Qeyd edilib ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisindəki “Tahirkənd-Qazmalar” buraxılış məntəqəsi ilə həmhüdud olan “Xanoba” gömrük məntəqəsinin tikintisi işləri başa çatmaq üzrədir.
Baş nazirin müavini Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm tərkib hissəsi olduğunu vurğulayaraq, limanın yükaşırma gücünün artırılaraq ildə 15 milyon tondan 25 milyon tona çatdırılması ilə əlaqədar işlər barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, liman infrastrukturunun inkişaf etdirilməsi sahəsində Azərbaycanın təcrübəsi Dağıstan tərəfindən Mahaçqala Beynəlxalq Dəniz Limanının yenidən qurulmasında istifadə edilə bilər. Ş.Mustafayev deyib: “Bakı və Mahaçqala limanları arasında qarşılıqlı fəaliyyətin nizamlanması barədə niyyətimiz Tədbirlər Planında da qeyd edilib”.
Azərbaycan və Dağıstan xalqları arasında mədəni-humanitar əlaqələrin vacibliyi də vurğulanıb. Qeyd edilib ki, Dağıstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan dağıstanlılar bu respublikaların ictimai-siyasi və mədəni həyatına mühüm töhfələr verirlər.
Tədbirlər Planına uyğun olaraq, tərəflər Dağıstanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və görkəmli dövlət xadimi Əziz Əliyevin xatirəsinə, Azərbaycanda isə Dağıstanın Xalq şairi Rəsul Həmzətovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirlər keçirilməsi barədə razılığa gəliblər.
Sənəddə Azərbaycanda və Dağıstanda qarşılıqlı mədəni tədbirlərin təşkil edilməsi, mədəniyyət müəssisələri arasında birbaşa peşəkar və yaradıcı əlaqələrin nizamlanması da nəzərdə tutulur.
Görüşün yekunlarına əsasən Ş.Mustafayev və A.Abdulmüslümov Azərbaycan və Dağıstan arasında əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair 2023-2025-ci illər üçün Tədbirlər Planını imzalayıblar.