"Türkiyədə zəlzələ olduqdan sonra müxtəlif dövlətlərin bu prosesdə dəstəyi və bunun səbəbləri haqqında xeyli yazıldı. Bu barədə mən də müxtəlif jurnalistlərə açıqlama verdim, amma o açıqlamaların yazıldığı xəbərlər mənə gəlib çatmadı, ona görə də bu açıqlamalarımdaki bəzi tezisləri qısaca burda yazıram".
Qaziler.az xəbər verir ki, bu açıqlamanı siyasi şərhçi Nazim Cəfərsoy feysbuk səhifəsində paylaşıb. O, sözügedən tezisləri aşağıda belə sadalayıb:
1. Dövlətlərin zəlzələ və bənzər təbii fəlakətlər sırasında bir-birinə dəstəyinin səbəblərindən biri humanitardır. Nəticədə bütün dövlətlər insanların qurduğu təşkilatlanma modelləridir. Ortaq və olası humanitar təhlükələr və fəlakətlər zamanı dövlətlərin humanitar davranma ehtiyacı ortaya çıxır.
2. Heç bir dövlət və millət təbii fəlakətlərdən ( zəlzələ, meşə yanğını, sel fəlakəti, fırtına və s.) sığortalanmayıb. Bu cür işlər bütün xalqların başına gəldiyi və ya gələ biləcəyi üçün dövlətlər bir-birinə yardım edərkən, həm də bunu nəzərə alır. Beləcə sabah öz başına bənzər bir şey gələndə digərlərinin dəstəyini almaq imkanı yaranır.
3. Bu cür təbii fəlakətlər həm də bütün dövlətlər və hakimiyyətlər üçün həm fəlakətə uğrayan dövlət və millət nəzdində, həm beynəlxalq siyasətdə, həm də daxili siyasətdə müsbət imic qazanma, müxtəlif siyasi, təhlükəsizlik, iqtisadi və mədəni faydalar qazanma fürsətidir. Bu prosesdə iştirak edən dövlətlər və hakimiyyətlər, adətən bunu nəzərə alırlar.
4. Bu cür təbii fəlakətlər xüsusi problem yaşadığınız ölkənin dövləti, hakimiyyəti və xalqı ilə problemli münasibətləri qaydaya salmaq üçün mühüm psixoloji, siyasi, iqtisadi və təhlükəsizlik fürsətləri yaradır.
QAZİLER.AZ