“Azərbaycan və Türkmənistan arasında mehriban qonşuluq və dostluq münasibətləri var. Bu münasibətləri xalqlarımızın dillərində və mədəniyyətlərindəki qohumluq daha da yaxınlaşdırır”.
APA-nun xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan-Türkmənistan əlaqələrinə həsr olunmuş konfransda deyib. O bildirib ki, Türkmənistan və Azərbaycan beynəlxalq səviyyəli siyasi və iqtisadi məsələlərdə bir-birlərini dəstəkləyiblər. H. Paşayev Türkmənistanın neytrallıq elan etməsinə də toxunaraq, bu ölkənin suveren siyasət yürütməsini və müstəqil iqtisadiyyat formalaşdırmaq xəttini müsbət qiymətləndirib.Tədbirdə çıxış edən Türkmənistanın Humanitar məsələlər və İnkişaf üzrə Beynəlxalq Universitetinin rektoru Esen Aydoqdıyev çıxışında Azərbaycan-Türkmənistan əlaqələrinin çox yüksək səviyyədə olduğunu vurğulayıb: “Lakin biz istərdik ki, bu münasibətlər yalnız siyasi və enerji sahələrində yox, digər sahələrdə də intensiv inkişaf etsin”.
Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov qeyd edib ki, prezidentlərin istər ikitərəfli, istərsə də beynəlxalq tədbirlər çərçivəsindəki görüşləri münasibətlərin gələcəkdə daha da möhkəmlənməsi üçün önəmli impuls olub.
ADA Universitetinin rektor müavini Fariz İsmayılzadə isə bildirib ki, ikitərəfli münasibətlərin çoxşaxəli inkişafı üçün geniş imkanlar var. Təhsil sahəsində əlaqələrin yaxşı səviyyədə olduğunu, Türkmənistanla tələbə mübadiləsinin gerçəkləşdiyini söyləyən F. İsmayılzadə turizm sektoruna da diqqət yetirilməsini tövsiyə edib: “Xəzər dənizində turizmin inkişafına birgə töhfə vermək olar. Müştərək layihələr həyata keçirərək, bu sahədə mühüm irəliləyişlərə nail olmaq mümkündür”.