“Azərbaycanda Milli Məclisə seçkilər ərəfəsində Avropa Parlamentinin səhvlərlə dolu, tələsik qətnamə qəbul etməsi bu qurumun imicinə böyük zərbə vurdu”. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Səməd Seyidov bu gün keçirilən növbədənkənar iclasda deyib.
S.Seyidov qeyd edib ki, Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnamə Milli Məclisdə əsaslı şəkildə müzakirə olunmalıdır: “Azərbaycana qarşı təxribatları pisləyir və onlara layiqli cavab verməyi təklif edirəm”.S.Seyidov əlavə edib ki, bundan sonra Avropa Parlamentinin heç bir qətnaməsi ciddi qəbul edilə bilməz: “Çünki onlar müstəqil, suveren və demokratik bir dövlətə qarşı belə bir qərəzli addım atdılar”.
Onun sözlərinə görə, Avropa Parlamenti müstəqil Azərbaycan dövlətinin söz sahibinə çevrildiyini, kiminsə fikri ilə yox, öz maraqları ilə siyasət yürütməsini qəbul edə bilmir: “Azərbaycan işğal olunmuş torpaqlarını Minsk qrupundan və digər təşkilatlardan kənar azad etmək iqtidarındadır. Azərbaycan inkişaf edir və başqalarının fikirləri ilə yox, müstəqil yaşayır. Bütün bunlar onları qorxuya salır”.
Millət vəkili deyib ki, biz problemlərimizi beynəlxalq təşkilatlar vasitəsilə dünyaya çatdırmaq və həll etmək niyyətində olmuşuq, qanun aliliyini düşünəndə beynəlxalq qanunları düşünmüşük: "Bu qərəzli qətnamədən sonra nə düşünək? Biz Avropa Parlamentində sağlam qüvvələrlə birləşib Avronest Parlament Assambleyasında iştirakımızı dayandırmalıyıq. Azərbaycan demokratik yoldan dönməyəcək və öz qəti sözünü deyəcək”.