Tərəflər qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfəri çərçivəsində Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Əl-Murayhi ilə görüşüb. Qətərin XİN başçısı ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu açıqlayıb.
Bu barədə QAZİLER.AZ Axar.az-a istinadən məlumat verib.
Tərəflər Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.
Görüş zamanı ikitərəfli əməkdaşlığın mövcud səviyyəsindən razılıq ifadə olunaraq, ölkələrimiz arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycan ilə Qətər arasında beynəlxalq təşkilatlar və platformalar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan səmərəli əməkdaşlıq qeyd edilib.
Eyni zamanda, iki ölkə arasında birgə hökumətlərarası komissiyanın gündəliyində duran məsələlərə toxunulub. Tərəflər iqtisadiyyat, ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Azərbaycanın əlverişli biznes mühiti və iqtisadi potensialı barədə məlumat verilib, ölkələrimizin biznes dairələri arasında fəal işgüzar münasibətlər barədə fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov münaqişə sonrası bölgədəki vəziyyət, Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə qarşı tərəfi məlumatlandırılıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.