BMT-nin Sosial İnkişaf Komissiyasının 61-ci sessiyasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov tədbirdə iştirak edən Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Əlilliyi olan şəxslər və Yaşlılar Xidmətinin direktoru Esra Ceceli ilə görüşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilib ki, A.Kərimov bu günlərdə Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olanlarla bağlı başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını arzulayıb. Nazir müavini Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərini, iki ölkənin daim bir-birinin yanında olduğunu vurğulayıb. O, ölkələrimiz arasında sosial sahədə də əməkdaşlıq əlaqələrinin daim genişləndiyini qeyd edib.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə son illər aparılan sosial islahatlar, həmçinin həssas qrupların qayğı ilə əhatə olunması üçün görülən işlər qeyd edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti, Mərkəzdə həssas qrupların yaradıcı potensialının inkişafına dəstək verilməsi işləri barədə məlumat verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasında ötən ilin iyul ayında imzalanan əməkdaşlıq sənədinin əlaqələrin inkişafında əhəmiyyəti diqqətə çatdırılıb. Görüşdə əlilliyi olan şəxslərin və ahılların sosial müdafiəsi, reabilitasiya yönümlü sosial xidmətlər sahəsində gələcək əməkdaşlıq və təcrübə mübadilələrinin aparılması məsələləri müzakirə olunub.
Sessiya çərçivəsində A.Kərimovla Monteneqronun əmək və sosial rifah naziri, Azərbaycan və Monteneqro Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Monteneqro tərəfindən həmsədri Admir Adroviç arasında da görüş olub. Qeyd edək ki, həmin Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.
Görüşdə Azərbaycanla Monteneqro arasında yüksək səviyyəli siyasi dialoqa, dostluq münasibətlərinə əsaslanan əlaqələrin daim inkişaf etməkdə olduğu vurğulanıb. İki ölkə arasında ötən dövrdə imzalanmış 18 əməkdaşlıq sənədinin əlaqələrin inkişafında rolundan bəhs olunub, bir sıra sahələrdə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Monteneqronun Əmək və Sosial Rifah Nazirliyi arasında da ikitərəfli əməkdaşlığa dair sənədlərin layihələrinin hazırlandığı qeyd edilib. A.Adroviç yaxın vaxtlarda Bakıya səfərinin də nəzərdə tutulduğunu bildirib.
İki Nazirlik arasında gələcək əməkdaşlığa, həmçinin Azərbaycan və Monteneqro Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasına hazırlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.