Azərbaycanın Niderlanddakı səfirliyinin konsulluğunun keçmiş əməkdaşı Nahid Cəfərovun Azərbaycana qayıtmaqdan imtina etməsi və Niderlanddan siyasi sığınacaq istəməsi barədə məlumat yayılması barədə xəbər vermişdik. Keçmiş diplomat Arif Məmmədov “facebook”dakı səhifəsində yazdığı statusda N. Cəfərovun Niderland Krallığından sığınacaq istədiyini təsdiqləyib.
O qeyd edib ki, N. Cəfərov Azərbaycan Diplomatik Akademiyasının və Avropa Təhlükəsizliyi üzrə Genevrə Mərkəzinin məzunu olub, onlar 2012-ci ildən tanış olublar: “Nahidlə birgə Azərbaycanda insan hüquqlarının bərpası fonunda qərb dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini özündə əks etdirən plan üzrə çalışırdıq”.Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Niderlanddakı səfirliyində konsulluq işləri üzrə əməkdaşın ölkəyə gəlməkdən imtina etməsi və Niderlanddan siyasi sığınacaq istəməsi məsələsinə aydınlıq gətirib.
APA-nın sorğusuna cavab olaraq XİN-nin Mətbuat xidmətindən bildiriblər ki, Xarici İşlər Nazirliyi sistemində belə bir adam işləmir.
“Xarici işlər naziri Elmar Məmmədyarovun KİV-ə 9 sentyabr 2015-ci il tarixli açıqlamasında bütün bu kimi məsələlərə münasibət bildirilib”,- deyə açıqlamada qeyd olunur.
Xatırladaq ki, E. Məmmədyarov sözügedən açıqlamasında bütün dövlət qurumlarında olduğu kimi Xarici İşlər Nazirliyində də tutduğu vəzifəsindən asılı olmayaraq qanunun tələblərini, dövlət qulluqçusunun etik davranış qaydalarını pozan, əqidəsinə xilaf olan, fəaliyyətində nöqsanlara yol verən və diplomat adına ləkə gətirən əməkdaşlara qarşı qanunla müəyyən olunmuş qaydada ən sərt intizam tədbirlərin görülduyunu və bundan sonra da görüləcəyini bildirib.
“Prezidentin apardığı uğurlu xarici siyasət kursundan narahat olan dairələr bilməlidir ki, xarici işlər nazirliyində və xaricdəki, o cümlədən dünyanın ən qaynar bölgələrindəki diplomatik nümayəndəliklərimizdə cənab Prezidentimizin bütün tapşırıq və göstərişlərini layiqincə yerinə yetirən, dövlətçiliyə sədaqətli kifayət qədər peşəkar diplomatlarımız xidmət edir”, - deyə E. Məmmədyarov əlavə edib.