Azərbaycan və Misir liderlərinin müzakirə etdikləri məsələlər açıqlanıb

Azərbaycan və Misir liderlərinin müzakirə etdikləri məsələlər açıqlanıb backend

"Prezident İlham Əliyevə bir daha böyük uğurlar və müvəffəqiyyətlər diləyir, onun müdrik siyasəti nəticəsində qazanılmış bütün bu nailiyyətlərin davamlı olmasını arzu edirəm".

"Report" xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 28-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edən zaman deyib.

Misirli dövlət başçısı bildirib ki, müzakirələr zamanı ölkəsində elektrik enerjisi istehsalı sahəsində həyata keçirilən islahatları, yaradılmış infrastrukturu bir daha qeyd edib: "Son doqquz il ərzində əldə edilmiş bütün təcrübəmizi Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduğumuzu bildirdim. Görüşlərdə Misirin xarici investorlar qarşısında mövcud maneələrin aradan qaldırılması, onlar üçün şəraitin yaradılması və hüquqi prosedurların daha da asanlaşdırılması istiqamətində görülən tədbirlər barədə danışdıq. Misirin Afrika qitəsinə qapı rolunu oynadığını nəzərə alaraq, ölkələrimiz arasında azad ticarət sahəsində imzalanmış sazişlərin vacib əhəmiyyət kəsb etdiyini vurğuladıq".

"Eyni zamanda, Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa hava əlaqəsinin olmasını xüsusi qeyd edərək, iki ölkə arasında birbaşa reyslərin sayının çoxaldılmasının vacibliyini, bunun iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımıza töhfə verəcəyini bildirdim. Cənab İlham Əliyevlə danışıqlar zamanı ümumi maraq kəsb edən bir çox regional və beynəlxalq məsələlərə dair müzakirələr apardıq.

Görüş zamanı, həmçinin bütün dünyada siyasi dialoqun davam etdirilməsinin vacib olduğunu və məsələlərin hərbi güc yolu ilə həllinin heç də labüd olmadığını bildirdik.

Bütün dünya COVID-19 pandemiyasından xilas olmamış Rusiya-Ukrayna böhranı beynəlxalq iqtisadiyyata və ticarətə daha bir zərbə vurdu, istər ərzaq təhlükəsizliyi, istər energetika, istər dənizçilik, istərsə də turizm və əczaçılıq sahələrinə çox mənfi təsir göstərdi.

Prezident İlham Əliyevə bir daha böyük uğurlar və müvəffəqiyyətlər diləyir, onun müdrik siyasəti nəticəsində qazanılmış bütün bu nailiyyətlərin davamlı olmasını arzu edirəm.

Biz Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında da əlaqələrin inkişafını dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik" - Misir Prezidenti əlavə edib.

Diaspora