Böyük Britaniya ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Böyük Britaniya ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb backend

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Ouldun  tanışlıq görüşü olub. 

Nazirlikdən Qaziler.az-a bildirilib ki, səfiri yeni təyinatı münasibəti ilə təbrik edən nazir ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

S.Babayev ölkəmizdə aparılan ardıcıl sosial islahatlar, DOST konsepsiyası, dövlət sosial xidmətlərinin elektronlaşdırılması proqramının nailiyyətləri barədə məlumat verib. 

Aparılan sosial islahatların beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyi, ötən il Nazirliyin qurumlarının 13 beynəlxalq mükafatla təltif edildiyi, həmçinin 12 beynəlxalq İSO sertifikatı aldığı qeyd edilib. O cümlədən, Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Böyük Britaniyada keçirilən müsabiqənin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına layiq görüldüyü bildirilib. 

Həssas əhali qruplarının, habelə məişət zorakılığndan zərər çəkənlərin reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunması sahəsində görülən işlər qeyd olunub. Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması üçün “British Council” ilə  birgə layihənin müsbət nəticələri vurğulanıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti arasında  2019-cu ildə  imzalanan Anlaşma Memorandumunun əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində müfəssəl tədqiqatların aparılmasında önəmi diqqətə  çatdırılıb.

Görüşdə iki ölkənin müvafiq qurumları arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün də böyük potensialın olduğu vurğulanıb, bu sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Diaspora