"Diplomatlarımız Avropa Parlamentinin iki qətnaməsi arasındakı ziddiyyəti avropalı deputatların diqqətinə çatdırmalıdırlar".
Qaziler.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
"Avropa Parlamentində bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan əleyhinə sənəd qəbul olunub. Erməni separatçılarının mövqeyini müdafiə edən həmin sənəddə Azərbaycandan Laçın yolunu açmaq tələb olunub. Sənəddə Rusiya hərbi kontingentinin bölgədəki fəaliyyəti tənqid olunaraq onun ATƏT-in sülhməramlı qüvvələrlə əvəz edilməsi gərəkliyi bildirilib. Məgər ATƏT-in sülhməramlı qüvvələri mövcuddur? Sənəddə başqa ziddiyyət də var, Azərbaycan Ermənistanın Qarabağdakı ermənilərlə “nəqliyyat, energetika və kommunikasiya əlaqələrini pozmamağa” çağırılıb.
Bu Avropanın özünün qəbul etdiyi prinsiplərə ziddir. Çünki Avropa Parlamentinin haqqında danışdığı kommunikasiya xətləri Azərbaycanın ərazi bütövlüyü və qanunları pozularaq çəkilib. Bu kommunikasiya xətləri Azərbaycan qanunlarına uyğunlaşdırılmalıdır. Bu ona bənzəyər ki, Fransanın hansısa əyaləti Parisin icazəsi olmadan Almaniyadan qaz və elektrik nəql edir.
Maraqlıdır ki, Avropa Parlamenti öz qərarlarına hörmət etmir. Avropa Parlamenti təxminən 4 il əvvəl, 2018-ci ilin dekabr ayında “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qətnamə qəbul edib. Sənəddə tərəfdaş ölkələrin ərazisində dondurulmuş münaqişələrin, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq nizamlanmasının zəruriliyi vurğulanıb. Bundan başqa, qətnamə münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş şəxslərə dəstəyi gücləndirməyə, tərəfdaş ölkələrin ərazisində vəziyyətin destabilizasiyası məqsədilə üçüncü tərəflərin müdaxilə cəhdlərinin qarşısını almağa çağırıb. Yəni həmin qətnamə faktiki Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib. Yeni sənədin heç bir bəndində isə yazılmayıb ki, Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olmalı və Azərbaycanın ərazi bütövlüyü əleyhinə təxribatlara yol verməməlidirlər.
Diplomatlarımız Avropa Parlamentinin iki qətnaməsi arasındakı ziddiyyəti avropalı deputatların diqqətinə çatdırmalıdırlar. Birində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli vacibliyi vurğulanıb, digərində separatizmə dəstək ifadə olunub. Qoy izah etsinlər ki, eyni qurum bir-birinə zidd iki sənədi necə qəbul edə bilər? Avropa Parlamenti bir neçə il əvvəl müstəqil olmaq istəyən katalonlara yox dedi, İspaniyanın ərazi bütövlüyünü dəstəklədi, tərəfdaşları Ukraynanın, Gürcüstanın və Moldovanın da ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycana gəldikdə isə sanksiya qəbul etdikləri Rusiyaya bağlı olan erməni separatçılarına dəstək verirlər. Diplomatlarımız Avropa Parlamentində Azərbaycan əleyhinə sənəd qəbul edənlərdən bunun izahını tələb etməlidirlər", - politoloq deyib.
QAZİLER.AZ