“İranın Azərbaycanı düşmən kimi qələmə verməsi son dərəcə yanlış idi, lakin çox ağlasığmaz şəkildə bunu etdilər”.
Bu sözləri Ümumdünya Yəhudi Agentliyi “Soxnut”un Azərbaycandakı fəxri səfiri, israilli politoloq Roman Qureviç Oxu.Az-a müsahibəsində deyib.
“Aydındır ki, Tehranda Azərbaycanı əsassız yerə “sionist qurum” adlandırırdılar, Ermənistana kömək edirdilər və s. Amma indi Azərbaycan xalqına hücum edirlər. Halbuki İranda onmilyonlarla azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti ölkə hakimiyyətinə kifayət qədər sadiq insanlardır. İran azərbaycanlıları böyük qüvvədir - Azərbaycan xalqına qarşı hücumlara dözməyəcəklər.
Tehranın hərəkətləri xüsusilə axmaqlıq kimi görünür, çünki Bakı bütün qonşuları ilə yaxşı münasibət qurmaq üçün hər şeyi edir, müdrik, çoxvektorlu və balanslaşdırılmış siyasət yürüdür. Bunun fonunda belə, İran Azərbaycanla münasibətlərini hər cür gərginləşdirir. Bunun yalnız bir səbəbi ola bilər: Azərbaycan 2020-ci il Vətən müharibəsində qalib gələrək gücünü göstərdi. Azərbaycanın gücü artır, İranın imkanları isə azalır”, - deyə o əlavə edib.
Politoloq İranda hicab taxma qaydalarına əməl olunması ilə bağlı işin gücləndirilməsi məsələsinə də toxunaraq bildirib ki, bu, daxili siyasətdə növbəti əsassız qərardır:
“İğtişaşlar, həqiqətən də, hicab məsələsindən başlayıb. Bu halda necə təqiblərə yenidən başlayaraq, “geyim qaydaları”na ciddi nəzarət etmək istəyirlər? Bununla İran mollaları, sadəcə, oturduqları barıt çəlləyinin fitilini yandırırlar”.
Mütəxəssis deyir ki, İran və Rusiya arasında münasibətlər, həqiqətən də, “qəribə çiçəklənmə” dövrünü yaşayır.
“Rusiya Ukraynada baş verənlərlə əlaqədar beynəlxalq təcrid vəziyyətində qaldı. İran hələ də sanksiyalar altındadır. Bu iki ölkə beynəlxalq birliyin kənarındadır və müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində əməkdaşlığı genişləndirərək bir-birlərini tapıblar. Moskvada Rusiya Federasiyası və İran Xarici İşlər nazirliklərinin rəhbərlərinin görüşü olacaq. İran ruslara vizaların verilməsini sadələşdirməyə hazırdır və artıq Rusiya ordusunu hətta 2 000 km uça bilən və uçuş zamanı hədəfini dəyişə bilən “Arash-2” seriyalı ağır PUA-larla təchiz etməyə başlayıb. Bu, İranın “Şahed-136” kamikadze-dronlarından (“Geran-2” və ya “moped”lər) daha təhlükəli silahdır. Belə əməkdaşlıq ABŞ-nin İrana qarşı sanksiyalarına səbəb ola bilər, baxmayaraq ki, amerikalılar hələ tələsmirlər.
İranın qonşularına gəlincə, artıq dediyim kimi, İran Azərbaycanla özünü tamamilə məntiqsiz aparır. Bakı artıq İranın hərbi manevrlərinə güzgü reaksiyası verərək, İranın hərbi gücündən qorxmadığını nümayiş etdirib. Azərbaycan İranla mehriban qonşuluq münasibətləri qurmağa hazırdır, lakin öz işlərinə qarışmağa imkan vermir.
Rusiya ilə Ermənistanın (hər ikisi KTMT-nin üzvüdür) və İranın dostluğuna gəldikdə isə, İrəvan, onsuz da, KTMT ilə daha az dostluq edir. Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan ərazisindəki təlimləri ləğv edilib. Nikol Paşinyan Rusiyada vəziyyətin asan olmadığını görür və ona görə də Qərblə flirt etməyə çalışır. Bu isə ardıcıl çoxvektorlu siyasət yürüdən Azərbaycanla Ermənistan arasında böyük fərqdir. Ermənistanın da ardıcıl siyasəti var - “yalvarmaq siyasəti”. Kim güclüdürsə, İrəvan həmin vaxt onun yanında olacaq”, - deyə o qeyd edib.