Söz ilə əməlin vəhdəti işgüzar münasibətlərin əsas komponentidir...

Söz ilə əməlin vəhdəti işgüzar münasibətlərin əsas komponentidir... backend

"Söz ilə əməlin vəhdəti işgüzar münasibətlərin əsas komponentidir".

Bu fikri cəsarətlə Moskvadakı azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin fəaliyyətinə şamil etmək olar. Belə ki, cəmi 2 aydan da az müddət əvvəl Milli-Mədəni Muxtariyyətin nəzdində “Qadınlar birliyi” yaradılmışdır. Dekabrın 23-də isə birliyin ictimai cəhətdən fəal xanımlarının iştirakı ilə maraqlı görüş baş tutmuşdur. Diasporanın ofisində keçirilən bu görüş görkəmli Azərbaycan şairəsi X.B. Natəvanın 190 illik yubileyinə həsr olunmuşdur. Tədbiri giriş sözü ilə açan Diasporanın sədri Bəxtiyar Həsənov milli adət-ənənlərimiz və tarixi şəxsiyyətlərimizlə bağlı bu qəbildən olan görüşlərin vaxtaşırı keçirilməsinin vacibliyini vurğulamışdır.

Qaziler.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Çıxış edən fəallardan Ülviyyə Əzizova, Xalidə Səmədova, Gülnar Alışova, İradə Məmmədova, Leyla Fərəcova parlaq istedada və qabaqcıl ideallara malik Natəvanın xalqımızın tarixində nadir bir şəxs olduğunu qeyd etmişlər. Ailənin yeganə övladı olduğu, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün onu “Xan qızı” çağırmışlar. Poeziyası Azərbaycan xanəndələrini ruhlandırmış, şeir və qəzəllərinə musiqilər bəstələnmişdir. Bədii məclislər təşkil etmiş, “Məclisi-üns” yaratmışdır.

Natəvanın xeyriyyəçilik fəaliyyəti də göz oxşayır. O, Zaqafqaziyada xeyriyyəçiliyi ilə tanınmış, kasıblara əl tutmuş, Şuşaya su çəkdirmişdir. “Xan qızı” bulağı, Araz çayındfn Mil düzünə su kəməri çəkilməsi də onun adı ilə bağlıdır. Gülnar Alışovanın ifasında səslənən “Qarabağ”, “Şuşanın dağları” mahnıları isə tədbirə fərəh və sevinc dolu duyğular bəxş etmişdir. 

Görüşdə tanınmış Azərbaycan şairi Avrasiya və Rusiya Yazıçılar İttifaqının üzvi Afaq Şıxlının bir neçə şeiri səsləndirilmişdir. 

Jurnalist Nizami Həsənov öz çıxışında Moskvadakı Azərbaycan diasporasının məqsədyönlü fəaliyyəti haqqında ürəkdolusu danışmış və qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlindiyini qeyd etmişdir. Natəvanın yaradıcılığına həsr olunmuş bu gecədə o da öz şeirlərini oxumuşdur. 
Diasporanın mədəni əlaqələrinin sədr müavini Tahir Əsgərli də şairənin yaradıcılığı və xeyriyyəçilik missiyası barədə geniş bəhs etmişdir. O, görkəmli Azərbaycan şairlərinin və özünün yazdığı şeirləri ilhamla bədii qiraət etmişdir.

Diasporanın ictimai əlaqələr üzrə sədr müavini Həşim Əliyev isə bu tipli maarifləndirici tədbirlərin coğrafiyasının daha da genişləndirilməsinin əhəmiyyətindən danışmışdır.

Axırda Bəxtiyar Həsənov qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə hər kəsi təbrik etmiş, əsil birlik nümayiş etdirərək və tədbirə xoş ovqat bəxş edən “Qadınlar birliyi”nə təşəkkürünü bildirmişdir.

Maraqlı tədbir çay süfrəsi arxasında şərq şirniyyatı və armudu stəkanlarda çayla bayram əhval-ruhiyyəsi ilə davam etmişdir.

Sonda xatirə şəkilləri çəkilmişdir.

Diaspora