Ermənistanın hakim partiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan İctimai Televiziyasına müsahibəsində bir gün əvvəl eyni televiziyaya müsahibə verən partiyadaşı – Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiya ilə bağlı sərt açıqlamasını yumşaltmağa çalışıb. Andranik Köçəryan deyib ki, Ermənistan birbaşa Rusiya-Belarus İttifaq dövlətinə qoşulmağa məcbur edilməyib, “lakin bu cür istək və məqsədlər göz qabağındadır”. Yəni guya Kreml İrəvana təzyiq etməyib, sadəcə istəyini bildirib. Andranik Köçəryanın sözlərinə görə, Rusiya mümkün qədər çox ölkəni bu ittifaqa cəlb etmək istəyir.
Niyə Rusiya digər strateji tərəfdaşı Qazaxıstanı deyil, birinci növbədə Ermənitanı ittifaqa qoşmaq istəyib?
Görünür, Kreml rəsmi İrəvanın Qərblə yaxınlaşmaq meylini müşahidə etdiyindən ilk əvvəl Ermənistanı ayağına bağlamaq istəyib. Orası da var ki, Ermənistan digər ittifaqdan – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından narazıdırsa, o birisinə - Rusiya-Belarus ittifaqına necə qoşula bilər? Eyni zamanda Rusiyanın ipini boynuna keçirmək istəməyən ölkənin deputatı Andranik Köçəryan müsahibəsində “Rusiya sülhməramlıları yoldakı problemi həll etməyə borcludur” açıqlamasını səsləndirməyi də lazım bilir. Rusiyanın Ermənistana borcu yoxdur, Ermənistanın Rusiyaya böyük borcu var, bu borc olmasaydı, bu gün Qarabağda bir separatçı belə qalmayacaqdı...
Politoloq Elxan Şahinoğlu
QAZİLER.AZ