"Bütün dövlət qurumlarında olduğu kimi, Xarici İşlər Nazirliyində də tutduğu vəzifəsindən asılı olmayaraq qanunun tələblərini, dövlət qulluqçusunun etik davranış qaydalarını pozan, əqidəsinə xilaf olan, fəaliyyətində nöqsanlara yol verən və diplomat adına ləkə gətirən əməkdaşlara qarşı qanunla müəyyən olunmuş qaydada ən sərt intizam tədbirləri görülür və bundan sonra da görüləcək".
APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Astanada keçiriləcək Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana yola düşməzdən əvvəl KİV nümayəndələrinə açıqlamasında bildirib.“Möhtərəm cənab Prezidentin apardığı uğurlu xarici siyasət kursundan narahat olan dairələr bilməlidirlər ki, Xarici İşlər Nazirliyində və xaricdəki, o cümlədən dünyanın ən qaynar bölgələrindəki diplomatik nümayəndəliklərimizdə cənab Prezidentimizin bütün tapşırıq və göstərişlərini layiqincə yerinə yetirən, dövlətçiliyə sədaqətli kifayət qədər peşəkar diplomatlarımız xidmət edir”, - deyə Elmar Məmmədyarov əlavə edib.