Rusiyanın XİN sözcüsü Mariya Zaxarova Yunanıstanın Ukraynanı Rusiyanın S-300 hava hücumundan müdafiə sistemləri ilə təmin etmək planlarının təxribat və düşmənçilik olduğunu bildirib.
Qaziler.az xəbər verir ki, Yunanıstan mediasında çıxan xəbərlərə Zaxarova yazılı açıqlama verib.
Yunanıstanın son zamanlar buna oxşar açıqlamalar verdiyini deyən Zaxarova: “Biz S-300, Rusiya və Sovet hava hücumundan müdafiə sistemlərini Kiyev rejiminə göndərmək kimi təxribatçı planların düşmənçilik olduğunu düşünürük” - qeyd edib.
Zaxarova Yunanıstanın münaqişə bölgəsinə silah göndərməklə Ukrayna ilə şərik olacağını, 1995 və 2013-cü illərdə hərbi sahədə Rusiya ilə bağladığı sazişin şərtlərinin pozulacağını vurğulayıb.
“Bu sazişlər Yunanıstana Rusiyanın razılığı olmadan hərbi texnikanın 3-cü ölkəyə verilməsini qadağan edir. Müqavilə üzrə öhdəliklərin pozulması qaçılmaz nəticələrə gətirib çıxaracaq və Yunanıstanın müdafiəsini zəiflədəcək. Bu, Yunanıstanın silah ticarətində bəynəlxalq məhdudiyyətlərə biganə olduğunu göstərir. Kiyevə göndəriləcək bütün hərbi texnika Rusiya tərəfindən izləniləcək və yerində məhv ediləcək. Çox gec olmadan təhlükəli planlardan imtina etmək mümkündür. Yunanıstan hökumətini məsuliyyət daşıdığı üçün xəbərdarlıq edirik”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, Yunanıstan mətbuatında yer alan xəbərdə, ABŞ-ın Krit adasında Patriot zenit-raket kompleksi yerləşdirəcəyi təqdirdə Yunanıstanın Rusiyadan aldığı S-300 hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərəcəyi iddia edilib.
QAZİLER.AZ