Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu çərçivəsində əməkdaşlığa dair 7 sənəd imzalanıb.
“Report” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) ilə Səudiyyə Ərəbistanının Palatalar Federasiyası arasında birgə Biznes Şurasının yaradılması haqqında saziş imzalanıb.
Şuranın vəzifələrinə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın ümumi vəziyyətini və gələcək istiqamətlərini müzakirə etmək, ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın inkişafı sahəsində işgüzar dairələrinin təşəbbüslərini dəstəkləmək, ikitərəfli ticari-iqtisadi əməkdaşlıqla bağlı problemlərin nəzərdən keçirilməsi daxildir. Biznes Şurası hər iki ölkənin təsərrüfat subyektləri, o cümlədən KOB-lar arasında birbaşa tərəfdaşlıq əlaqələrinin qurulmasına yardım etmək, həmçinin səfərlərin, görüşlərin, seminarların, dəyirmi masaların təşkilinə, müəssisələrin hər iki ölkədə keçirilən sərgi və yarmarkalarda iştirakına köməklik göstərmək niyyətindədir.
Şura həmçinin Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrə faydalı olacaq kommersiya, ticarət-iqtisadi, elmi, texnoloji, reklam və digər məlumatların mübadiləsinə və yayılmasına kömək edəcək. Üstəlik, o, Azərbaycan və Səudiyyə Ərəbistanı bazarlarında fəaliyyət göstərən və ya fəaliyyət göstərəcək konkret layihələr və müvafiq təşkilatlar haqqında məlumat mübadiləsi, birgə müəssisələrin yaradılmasına və fəaliyyətinə və qarşılıqlı faydalı əməkdaşlığın digər formalarına dəstək olacaq.
Bundan başqa, Səudiyyə Ərəbistanının “FlyNas” şirkəti Azərbaycanın “Alines Tours” (hüquq və investisiya sahəsində əməkdaşlıq çərçivəsində), “Fovero Tours” və “Khazar Travel” şirkətləri ilə turizm sahəsində yerüstü xidmətlərin asanlaşdırılmasını nəzərdə tutan anlaşma memorandumları imzalayıb.
Səudiyyə Ərəbistanının ARCO şirkəti ilə Azərbaycanın Məşğulluq Agentliyi (HR Cell) arasında da Anlaşma Memorandumu imzalanıb.
Səudiyyə Ərəbistanının “Albawani Co” şirkəti ilə Azərbaycanın “North West Construction” MMC arasında iki ölkənin podratçılıq, tikinti və sənaye sahələrində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Səudiyyə Ərəbistanının “A.Alrabiah Consulting Engineers” şirkəti ilə Azərbaycanın “Technicon Engineers Consulting” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb və sənəd texniki sahələrdə (məsələn, metro, bina və digər infrastruktur) mühəndislik xidmətlərinin göstərilməsini nəzərdə tutur.
Səudiyyə Ərəbistanının “Al Suwaiket and Al Busaiyes Lawyers and Legal Consultants Co.” şirkəti ilə Azərbaycanın “Black Garden investisiya və korporativ məsləhət” şirkəti arasında Səudiyyə Ərəbistanı və Azərbaycanda investorlara hüquqi xidmətlər və biznes dəstəyi göstərməklə əməkdaşlıq da planlaşdırılır.