Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov Azərbaycana qarşı təxribat xarakterli bəyanatlarına görə vəzifəsindən azad edilib.
Qaziler.az xəbər verir ki, bu barədə MDBMİ-nin rektorluğu məlumat yayıb.
Məlumata görə, dekabrın 16-da Rusiya telekanallarından birinin efirində Hərbi-Siyasi Araşdırmalar Mərkəzində aparıcı ekspert vəzifəsində çalışan M.Aleksandrov iki ölkə arasındakı müttəfiqlik münasibətlərinə xələl gətirib. Rusiyanın qonşu dost dövlətə qarşı siyasətinin məqsəd və vəzifələrini kobud şəkildə təhrif edib.
"Onun bəyanatları əsassız şəkildə aqressivlik və açıq-aşkar qeyri-peşəkarlığını göstərir ki, bu da ictimaiyyətin son dərəcə mənfi reaksiyasına və MDBMİ heyətinin qəzəbinə səbəb olub. Aleksandrov institutun imicinə və maraqlarına ciddi zərbə vurub. Bütün bunları nəzərə alaraq ekspertin vəzifəsinə xitam verilib və o, təhsil ocağından xaric edilib", - MDBMİ-nin açıqlamasında deyilir.
Qeyd edək ki, Mixail Aleksandrov Laçın yolunda Azərbaycan ekoloqlarının dinc aksiyasını şərh edərkən Azərbaycana qarşı düşmənçilik bəyanatları səsləndirib və Rusiyanın Bakının neft strukturuna zərbə endirməli olduğunu demişdi.