“MDB-nin Parlamentlərarası Assambleyada praktiki olaraq cəmi altı fəal iştirakçı qalıb. Rusiya bu struktura müəyyən əhəmiyyət verir, biz orada iştirak edirik. Ancaq bu quruluşun tezliklə məhv olması tamamilə mümkündür”.
Bu barədə tanınmış qırğızıstanlı siyasətçi, politoloq, publisist, Qırğızıstan parlamentinin (Joqorku Keneş) keçmiş spikeri Zaynidin Kurmanov Oxu.Az-a müsahibəsində deyib.
Politoloqun MDB-nin gələcəyi ilə bağlı fikirləri də optimist yöndə deyil:
“Bir vaxtlar MDB-nin 25 illiyi münasibətilə məqalə yazmışdım. Hələ o vaxt da bu barədə fikirlərim skeptik idi. MDB ilə bağlı optimist deyiləm”.
O, Qırğızıstan üçün daha çox perspektivi Türk Dövlətləri Təşkilatında (TDT) görür:
“TDT-də bütün digər birləşmiş təşkilatlardan fərqli olaraq gələcək görürəm. Ən yüksək səviyyədə müntəzəm görüşlər keçirilir, konkret problemlər həll edilir. TDT-də görülən işlər göz qabağındadır. Üç ölkə - Türkiyə, Azərbaycan və Qazaxıstan - bu ittifaqı fəal təşviq edirdi, indi bu işə Özbəkistan da qoşulub. Türkmənistan Macarıstan kimi müşahidəçi statusu alaraq iştirak etməyə başladı. Ukraynanın da təşkilatda müşahidəçi olmaq istədiyi barədə məlumatlar var idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin iştirakının da mümkünlüyündən danışıb.
TDT genişlənir, MDB kimi kiçilmir, təşkilatın daxilində heç bir qalmaqal yoxdur, bütün problemlər həll olunub, fəal şəkildə qarşılıqlı fəaliyyət var. İndi hərbi əməkdaşlıq, qarşılıqlı yardım barədə fəal şəkildə danışırlar. Əfqanıstanla yanaşı, təhlükəli zonada yerləşən Qırğızıstan üçün isə təhlükəsizlik və inkişaf məsələləri çox önəmlidir”.