"Mənim bildiyim dünyada rəsmi adı "Şimali Koreya" və "Cənubi Koreya" olan dövlətlər yoxdur. Rəsmi adları "Koreya Demokratik Xalq Respublikası" və "Koreya Respublikası" adlı iki dövlət var. "Şimali Koreya" və "Cənubi Koreya" ifadələri siyasi, coğrafi və ideoloji bir ifadələrdir".
Qaziler.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Nazim Cəfərsoy paylaşıb. O, ötən gün deputat Qüdrət Həsənquliyevin parlamentdə Azərbaycanın adının dəyişdirilib Şimali Azərbaycan qoyulması təklifini bu cür şərh edib:
"Bizdə də zatən "Şimali Azərbaycan" və "Cənubi Azərbaycan'" ifadələri günlük həyatda siyasi, coğrafi və ideoloji müstəvilərdə istifadə olunur.
Düzdür "Şimali Makedoniya Respublikası" və "Cənubi Sudan Respublikası" adlı rəsmi dövlətlər var, amma o adların konteksi fərqlidir.
Doğru davaları yanlış tezislərlə müdafiə etməmək lazımdır!!!"
Xatırladaq ki, noyabrın 29-da keçirilən Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev Azərbaycanda Konstitusiya dəyişikliyinin vacibliyini bildirib və ölkənin adının dəyişdirilməsini təklif edib:
“Azərbaycanın adı dəyişdirilərək Şimali Azərbaycan olmalıdır. Çünki Azərbaycan Respublikası Bütöv Azərbaycanın cəmi 20 faizini təşkil edir. Dünyada bir çox xalqlar bölünüb və ölkələrin adları da şimal və cənub deyə müəyyən edilib. Məsələn, Şimali Koreya, Cənubi Koreya və sair. Azərbaycanın da adı dəyişdirilməlidir, ictimaiyyət önündə təklif edirəm ki, ölkəmizin adı Şimali Azərbaycan olsun”, - deyə əlavə edib.
QAZİLER.AZ