"Rusiyanı Qafqazdakı 200 illik strateji perspektivini dəyişməyə başladığını və bu prosesdən ən çox ermənilərin "Böyük Ermənistan" xülyasının zərər görəcəyini düşünürəm. Ancaq prosesə qarşı Rusiyanın özündə ciddi müqavimət var".
Qaziler.az xəbər verir ki, bu fikirlər siyasi ekspert Nazim Cəfərsoya məxsusdu. O, feysbukda paylaşdığı şərhdə iki il bundan əvvəl Rusiya ilə bağlı düşündüyü fikirlərin üzərində qaldığını bildirib:
"Rusiyanı təhlil edərkən hansı 5 səhvi etməməliyik?
1. Tarixin əsirinə çevrilmək (bu məqam keçmişdə qalmaq, özünə inamsızlıq, reallıqdan uzaqlaşmaq, hiss-ağıl tarazlıgi problemləri yaradır).
2. Beynəlxalq münasibətlər sisteminin dəyişən və dinamikliyi çox artan təbiətini nəzərə almamaq.(sadəcə ağ və qara yoxdur, qırmızı, boz, hətta ağ və qaranın belə tonları var. Maraqlar qısa zaman dilimində hətta eyni mövzuda və coğrafiyada belə rəqabətdən əməkdaşlıq, ya da tərsinə bir proses yarada bilər. Məsələn: Suriya və ya ABŞ-ın Taliban siyasəti).
3. Qlobal güc sistemindəki güc balansını nəzərə almamaq (ABŞ-Çin reallığı getdikcə güclənir. Bunun dünyanın strateji taleyi ilə bağlı iki mühüm və böyük nəticəsi var: a) Oxuduğumuz tarixdə ilk dəfədir qlobal liderlik mübarizəsi klassik mənada Avrasiyalı sayılmayan iki güc olan ABŞ ilə Çin arasında gedir. b) Qlobal sistemin son 4 əsirlik dövründəki qaydaları dəyişir. Əvvəl Qərb (Avrupa və Atlantik) mərkəzli idi, ancaq getdikcə Asiya və Sakit okean mərkəzli yenidən formalaşır...)
4. Rusiyanın qlobal oyunçu olduğunu unutmaq. (Son 400 ildir beynəlxalq sistemin 6-7 əsas gücündən biri olub. Yəni Rusiya xarici siyasəti qlobal paradigma əsas alınaraq formalaşır.)
5. Rusiyanın dəyişən qlobal sistemə adaptasiya təcrübəsini nəzərə almamaq. (Rejim dəyişikliyi və ya islahatlarla ayaqda qala və beynəlxalq sistemdə təsir imkanlarını davam etdirə bilir.)
Bu məqamlar işığında Rusiyanı Qafqazdakı 200 illik strateji perspektivini dəyişməyə başladığını və bu prosesdən ən çox ermənilərin "Böyük Ermənistan" xülyasının zərər görəcəyini düşünürəm. Ancaq prosesə qarşı Rusiyanın özündə ciddi müqavimət var və bir strateji dəyişim zaman alır! Dəyişim qlobal və regional mənada 1989-da başladı, Rusiya strateji düşüncəsində nəzəri və praktiki təsirlərini son 20 ildir göstərir. Rusiyanın Qafqaz siyasətində isə xırda addımlarla təxminən son 10 ildir davam edir. Qarabağdakı son proses isə bunun Türkiyə ilə birlikdə həqiqi mənada ilk model yaratma addımıdır".
QAZİLER.AZ