Beynəlxalq Frankofoniya təşkilatının 54 üzvü, 7 assosiativ, 27 müşahidəçi üzvü var. Təsisat “fransız dilinin birləşdirdiyi ölkələr arasında əlaqələndirmənin təşkili məqsədilə yaradılan institutsonal mexanizmdir”.
Qaziler.az xəbər verir ki, bu fikirlər Əməkdar jurnalist Elçin Mirzəbəyliyə məxsusdur. O, bildirir ki, təşkilatın yaranışdan hədəfi fransız dilinin, mədəni müxtəlifliyin populyarlaşdırılması, peşəkar kadrların hazırlanması, ali təhsil və elmi araşdırmaların dəyişdirilməsi olub:
"Amma 2005-ci ildən, bilavasitə Fransanın təşəbbüsü ilə “əməkdaşlıq istiqamətləri”nin sayı artırılıb. “Əməkdaşlıq istiqamətləri” siyahısına əlavə olunan sahələrdən biri də gender bərabərliyi ilə bağlıdır. Əgər Ermənistanda fransız dilinin öyrənilməsi ilə bağlı real mənzərəni nəzərə alsaq, o zaman sözügedən ölkənin Beynəlxalq Frankofoniya təşkilatına üzvlüyünü, yalnız gender bərabərliyi ilə əlaqələndirmək olar. Yəni böyük bacı Fransa kiçik bacısını öz yanında görmək istəyib, vəssalam. Çünki rəsmi statistikaya görə, Ermənistan məktəblərinin, orta ixtisas və ali təhsil müəssisələrinin 76%-də ingilis, 14%-də fransız, 10%-də isə alman dili tədris olunur.
Başqa bir statistik göstəriciyə əsasən, Ermənistanın 43 ümumtəhsil məkəbində tədris dili rusca olan sinflər var. Bundan başqa, Fransanın “kiçik bacı”sının ərazisində rus dilini dərindən öyrədən 63 məktəb də fəaliyyət göstərir. Fransız dilinin, sadəcə xarici dil kimi tədris olunduğu məktəblərin sayının yaxın bir neçə il ərzində 16-ya çatdırılması nəzərdə tutulub. Bütün bunları mən demirəm, Ermənistan Təhsil nazirliyi rəsmi hesabatlarında açıqlayır. Və bütün bu göstəricilər, Ermənistanın Frankofoniya təşkilatına üzvlüyü üçün heç bir tutarlı əsasın olmadığını göstərir və təsdiqləyir ki, Fransa sözügedən təşkilata təsisatın nizamnaməsində elan olunan prinsiplər çərçivəsindən deyil, dünyadakı reallıqlarla və gerçək potensialı ilə uzlaşdıra bilmədiyi geosiyasi iddiaları müstəvisindən yanaşır. Eynilə BMT Təhlükəsizlik Şurasına, ATƏT-in cəhənnəmə vasil olmiş Minsk Qrupunun həmsədrlik instituna yanaşdığı kimi...
Yanaşır, istəyir, həm də çox istəyir, amma... bacarmır. BMT Təhlükəsizlik Şurasında, ATƏT-in siyasi leksikondan kənara ifraz olunmuş Minsk Qrupunda bacarmadığı kimi, dominant rol aldığı Frankofoniya Təşkilatında da Azərbaycan əleyhinə iddialarını – sözünü keçirə bilmir. Banlayır, banlayır və... yenə banlayır. BMT Təhlükəsizlik Şurasındakı oyunbazlıqlarından sonra ümidi Frankofaniya Təşkilatına qalmışdı, o da fayda vermədi. Fransa öz meydanında, öz evində, “arxa bağça”sı hesab etdiyi məkanda da rüsvayçılıqla məğlubiyyətə uğradı... İndi “kiçik bacı” Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) hansı durumdadırsa, Fransa Frankofoniya təşkilatında oxşar vəziyyətdədir".
QAZİLER.AZ