"İranın Azərbaycana qarşı apardığı siyasət tamamilə yanlışdır. Qonşuluq və dini dəyərlərə əksdir. İran uzun müddətdir din adı altında ölkəmizdə insanları təsir altına salır. Müxtəlif adlarla şəbəkələr qurub fars ideologiyasını yayır. Məzhəb ayrı-seçkiliyi salır".
Qaziler.az xəbər verir ki, bu fikirlər Milli Cəbhə Partiyasının (MCP) funksioneri Sədaqət Əliyevaya məxsusdur.
"Qarabağ məsələsinin həllini həzm edə bilməyən İran sərhəddə təlim keçməklə kifayətlənmədi, ölkəmizə qarşı anti-Azərbaycan təbliğatına başladı.
Son zamanlar dövlət orqanları tərəfindən İranın ölkəmizdəki casusları həbs edilir. Bu çox vacibdir. Ancaq bildirim ki, ölkədə kifayət qədər qadınlardan ibarət də İrançı dəstələr var. Bu qadınlar müəyyən nöqtədən idarə olunur, yas mərasimlərində, dini mövlud günlərində əsasən evlərdə toplaşırlar. Əsasən şəhid analarını istismar edirlər və təsir altına salırlar. Hətta rayonların birində şəhid analarını yığıb İrana, Məşhəd ziyarətinə də aparmışdılar.
Qadınlarımızın, əsasən gənc xanımların bu dəstələrə qoşulması çox mənfi haldır. Əsasən təhsildən yayınan xanımları bu cür təsir altına salırlar. O dəstələrin rəhbərləri də qadınlara qız uşaqlarını məktəbə qoymamağa, qapalı həyat yaşamağa təhrik edirlər. Yəni, İrandakı kimi həbsxana rejimi kimi qapalı həyata öyrəşdirməyi planlayırlar.
Qız uşaqlarının təhsildən yayındırıılması çox pisdir. Təhsil vacibdir. Təhsili, savadı, dünya görüşü olan insan istər qadın olsun, istər kişi çox vaxt təsir altına düşmür öz peşəsi, işi, əmək sahəsi ilə məşğul olur. Lakin təhsili, peşəsi, məşğuliyyəti olmayanları daha tez təsir altına salırlar.
Məncə qadınların da İran təsirindən xilas edilməsi üçün işlər görülməlidir. Milli təhsil almış qadın ilahiyyatçılara böyük ehtiyac var. Özümüzdən olan din xadimi qadınlar üzə çıxsa, təbliğ etsələr, qadınlarımız İran təmayüllü siyasi təsirlərə düşməzlər.
Milli Cəbhə Partiyası olaraq hər zaman qadınların təhsil almasının vacibliyini demişik, qız uşaqlarının təhsildən yayındırılmasının əleyhinə olmuşuq. Qız uşaqları üçün peşə yönümlü məktəblərin artırılması və müasirləşdirilməsi vacibdir. Həmçinin qadınlarımız üçün düzgün dini maarifçilik də olmalıdır".
QAZİLER.AZ