Fransanın cəhdləri, Rusiyanın planları, ABŞ senatoru Bob Menendesin 907-ci düzəlişlə bağlı hətta Ağ Ev administrasiyasına qarşı belə çılğın etirazları bizim indiyədək apardığımız siyasətə mane ola bilməz.
Qaziler.az bildirir ki, bunu politoloq İlham İsmayıl öz feysbuk səhifəsində yazıb.
"Yəni, bizim siyasət Qarabağ münaqişəsinin bitdiyini və qalan işlərin bizim daxili işimiz olduğunu davam etdirmək siyasətidir. Bir şərtlə! Bizə qarşı olan planların yeni çalarlarını, detallarını nəzərə alıb çevikliklə əks siyasətimizi sərt şəkildə ortaya qoymaqla. Bizə qarşı planların reallaşmasını gözləyib, sonra hərəkətə keçməməliyik. Biz preventiv addımlar atmalıyıq. İstiqamət isə birbaşa Xankəndi olmalıdır. Xankəndidə humanitar ofisi Fransanın deyil, özümüzün açacağımızı, yəni yerli erməni əhalinin perspektivdə Azərbaycan vətəndaşı olaraq daha yaxşı yaşayacaqlarını bildirməliyik ki, düşmən bizim əleyhimizə ritorikamızı bəhanə gətirməsin. Paralel olaraq Laçın yolunda sərhəd nəzarətimizin yaranacağını, erməni silahlı qüvvələrin ən qısa zaman çərçivəsində çıxarılacağını, əks halda hərbi yolla çıxaracağımızı elan etməliyik. Başqa təsir vasitələrimiz də var və növbəti mərhələlərdə bir-birinin ardınca bunları gündəmə gətirməliyik" - deyə politoloq qeyd edib.
İ.İsmayıl həmçinin bildirib ki, 2025-ci il üçün fundamental fərqli siyasətimizin əsası indi qoyulmalıdır ki, Fransa, Rusiya kimi havadarlar Qarabağ problemində yekun nöqtənin zamanını başqa beşilliklərə daşıya bilməsinlər" .
QAZİLER.AZ