"Ermənistan heç zaman götürdüyü öhdəlikləri yerinə yetirməyib, beynəlxalq hüquqa əməl etməyib. Əməl etsəydi münaqişə 30 il davam etməzdi. Onun başa düşdüyü dil, ancaq hərbi dildir. Dəmir yumruq onu başa salır".
Bunu Qaziler.az-a “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
"44 günlük Vətən müharibəsindən sonra bir çoxları düşünürdü ki, Ermənistan o vəziyyətdən nəhayət ki, nəticə çıxaracaq, məhv olmuş ordusunu, dağılmış iqtisadiyyatını bərpa etmək üçün Azərbaycanla sülh müqaviləsi imzalayacaq. Təəssüflər olsun ki, Ermənistanı himayə edən Fransa, İran, Rusiya və başqa dövlətlər münaqişənin həll olunmasına imkan vermir. Ermənistan da onlara inanaraq bu münaqişəni davam etdirir, başına gələnlərdən nəticə çıxarmır. 30 ildir onları inandırır, Azərbaycan ərazisində məskunlaşma aparırdılar. Nəticədə Azərbaycan Ordusu erməni separatçılarını darmadağın etdi. İndi də mühəndis-istehkam qurğuları tikir, səngərlər qazır, qeyri-qanuni addımlar atır, Qarabağ ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətini davam etdirir, ora qanunsuz səfərlər həyata keçirirlər. Bütün bunlar hamısı həm 10 noyabr, həm də Brüssel bəyanatına, beynəlxalq hüquq normalarına ziddir.
Onlar bilməlidir ki, Azərbaycan dövləti və Azərbaycan Ordusu hər zaman gərəkən addımları atacaq. Cəbhədəki vəziyyətə ordumuz nəzarət edir. Həm diplomatik masada, həm də cəbhədə Azərbaycanın böyük üstünlüyü var. Bu ilin sentyabrın 12-13-də cəbhədə baş verən hadisələr də onu göstərdi ki, hansısa bir təxribat olarsa Azərbaycan dövləti lazım olan cavabı verəcək" - Emin Həsənli qeyd edib.
QAZİLER.AZ