Fransa senatının qəbul etdiyi qətnamə məntiqdən, hüquqdan kənar bir sənəddir.
Bu fikirləri cümə günü Trend-in suallarını cavablayarkən Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç bildirib.
O qeyd edib ki, bu qərar Fransa senatının səviyyəsinin erməni diasporunun səviyyəsini düşdüyünü göstərir.
“Fransa senatının erməni diasporundan nə kimi bir gözləntisi olduğunu bilmirik. Lakin bir gözləntisi var ki, bu cür tərəfkeşlik nümayiş etdirən, Azərbaycanın daxili məsələlərinə qarışan bir qətnamə qəbul ediblər. Bu qərar eyni zamanda davam edən sülh müzakirələrini də maneə törədir. BMT-nin 4 qətnaməsi altında Fransanın da imzası var və Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən idi. Demək ki, bunlar tamamilə Fransanın özünü inkar etməsidir”,-deyə o vurğulayıb.
Sabiq səfir həmçinin bildirib ki, Fransa senatının qəbul etdiyi bu qətnamə beynəlxalq hüquqa ziddir.
“Bu qətnamə Cənubi Qafqazda gərginlik yaratmaq məqsədilə qəbul edilib. Lakin heç bir faydası olmayacaq. Türkiyə və Azərbaycan bu qətnaməni heç bir halda tanımayacaq. Fransanın bu qədər erməni sevgisi varsa, Marseli Ermənistana versinlər. Qarabağ Azərbaycanın ürəyidir. Bu səbəbdən Fransanın qətnaməsi Türk Dövlətləri Təşkilatı tərəfindən qınanılacaqdır. Bir daha bizim birliyimizin nə dərəcə də mühim olduğu ortaya çıxıb. Fransa ciddi bir dövlət olmalı, həqiqətləri araşdırmalıdır. Azərbaycan qəti addımlarla gələcəyə doğru irəliləyir. ”, -deyə H.Kılıç bildirib.