Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə keçirdiyi görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli və regional əsaslarda humanitar və mədəniyyət məsələləri, bölgədə etimad quruculuğu tədbirləri müzakirə edilib.
C.Bayramov postmünaqişə dövründə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.
Xüsusi nümayəndə Mixayıl Şvıdkoy bölgədə sülh və əminamanlığın təmin edilməsi istiqamətində ölkəmizin səylərinin əhəmiyyətli olduğunu vurğulayıb. O, mədəniyyət və humanitar sahələrdə birgə tədbirlərin həyata keçirilməsi istiqamətində dəstək verməyə hazır olduğunu bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.