"Türkiyədə son terror hadisəsi 2016-cı ilin axırı, 2017-ci ilin əvvəlində baş vermişdi. 2017-ci ilin yanvar ayının ilk günləri idi, İstanbulda bir gecə klubunda partlayış olmuşdu. Onda da xeyli insan tələfatı yaşanmışdı. Birdən-birə 6 ilə yaxın bir müddətdən sonra belə bir terror hadisəsinin baş verməsi sıradan bir hal kimi qəbul edilə bilməz".
Bu fikirləri Qaziler.az-a Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu bildirib. O, Türkiyənin İstiqlal küçəsində baş verən terror aktının törədilməsinin başlıca səbəblərini izah edib:
"Nəzərinizə çatdırmaq istərdim ki, partlayış baş verən gün həmin küçədə, ümumiyyətlə İstanbulun mərkəzi küçələrində Türkiyənin PKK əleyhinə yürütdüyü anti-terror əməliyyatlarına etiraz olaraq yürüş təşkil etmək istəyiblər. Bunların hamısı bir-biriylə bağlı olan məqamlardır.
Türkiyə əleyhinə olan qüvvələrin həm terror qanadından, həm də siyasi qanadından rəsmi Ankaraya qarşı təzyiq aləti kimi istifadə etməyə çalışırlar. Bu da səbəbsiz deyil. Qarşıdan 2023-cü il gəlir. Həm Cümhuriyyətin 100 illiyidir, həm də Türkiyədə seçkilər keçiriləcək. Bunlar əhəmiyyətli hadisələrdir. Bundan başqa, Türkiyə hazırda Cənubi Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə, eyni zamanda Şərqi Aralıq dənizi bölgəsində kifayət qədər aktiv rola sahibdir. Bu gün Türkiyə faktiki olaraq taxıl böhranını həll edəcək yeganə ünvandır. Türkiyə Qərblə Rusiya arasında vasitəçilik missiyasını uğurla həyata keçirə biləcək yeganə ölkədir".
Siyasi ekspert Azərbaycanın da rol aldığı TDT sammitinin bəzi gücləri narahat edəcək əhəmiyyətini qeyd edib:
"Bildiyiniz kimi Türkiyə və Azərbaycanın iştirakı ilə Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının sammitində çox önəmli mesajlar verildi. Bütün bu amillərin hamısı Türkiyənin bölgədəki aktivliyindən və aydın geosiyası hədəflərindən xəbər verir. Bu isə bölgədə marağı olan gücləri narahat etməyə bilməzdi. Ona görə də İstanbulda terror düyməsinə basıldı və bu hadisələrin şahidi olduq.
Finlandiya və İsveçin NATO-ya qəbul olunması ilə bağlı Türkiyə bölücü terror qruplaşmalarının terror təşkilatı olaraq tanıma tələbi də irəli sürmüşdü. Haqlı tələb idi. Sonrakı mərhələlərdə hər iki ölkə bu tələblərlə razılaşıqlarını bildirdilər, hətta müəyyən addımlar da atıldı. Bunun özü də Qərbdə terrora hamilik edən qüvvələri razı sala bilməzdi.
Bir sözlə, Türkiyə terror təşkilatlarına qarşı böyük miqyasda mübarizə aparır. Bu həm beynəlxalq diplomatik müstəvidə, həm də meydanda özünü göstərir. Məsələn, son bir ayda Türkiyənin böyük şəhərlərində həyata keçirdiyi PKK, İŞİD və FETO ilə bağlı anti-terror əməliyyatlarına nəzər yetirək. Son 5-6 ildə İraqın, Suriyanın, Türkiyənin şimalında müsbət nəticələrə gətirib çıxaran bir sıra silsilə əməliyyatlar da keçirdi. Türkiyə geniş müstəvidə terrora qarşı hücuma keçib və bölgədə terrorla tək savaşan ölkədir. Aydın məsələdir ki, bununla da o, 40 ildə Türkiyəyə ənənəvi olaraq təzyiq aləti kimi istifadə edən qüvvələri razı sala bilmir. Məsələn, Suriyada baş verən son hadisə: bildiyiniz kimi Azad Suriya Ordusu yeni sistemə keçir. Artıq yeni hərbi sistem yaradılır, Əsəd rejiminə qarşı olan silahlı müxalifətin birləşməsi məsələsi artıq müzakirə predmetidir. Bu proseslər fonunda Türkiyəyə “dur” demək, təzyiq etmək istəyirlər. Törədilən terror da məhz bu mesajı çatdırmaq üçün idi".
Terror aktının həyata keçirildiyi günün Ərdoğanın Bali adasına səfəri ilə üst-üstə düşdüyünü qeyd edən Vüqar Zifəroğlu olanlardan sonra Türkiyənin nələr edə biləcəyini də proqnoz verib.
"Digər bir məqam, terror hadisəsinin həyata keçirildiyi gün Türkiyə prezidentinin G20 sammiti üçün İndoneziyaya yola düşdüyü gündür. Türkiyə G20 sammitinə böyük bir gündəmlə, qovluqla gedirdi. Ciddi məsələlərin müzakirəsi gözlənilirdi. Gündəmi müəyyənləşdirmək niyyətində idi. Lakin bu terror hadisəsi ilə sanki bir mesaj verildi ki, gündəmi biz müəyyənləşdirmək niyyətindəyik. Türkiyənin aktivliyini həzm edə bilmirlər. Bu səbəbdən də ənənəvi terrorla təzyiq alətini işə salmaq istəyirlər. Nəyəsə nail olacaqlarmı? Düşünmürəm... Proqnoz olaraq qeyd etmək istərdim ki, Türkiyə rəsmilərinin verdiyi açıqlamalardan da aydın olur ki, Türkiyə daha qətiyyətli şəkildə terrorun üstünə yeriyəcək. Yaxın zamanlarda həm İraqın, həm də Suriyanın şimalında daha geniş miqyaslı anti-terror əməliyyatlarının həyata keçirilməsinin şahidi ola bilərik.
QAZİLER.AZ