Ölkəmizdə səfərdə olan Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Prezidenti Məhəmməd Azman, Litvanın Sosial Təminat Qurumunun direktoru Julita Varanauskiene və Bolqarıstanın Milli Sosial Təminat Qurumunun sədri İvaylo İvanov DOST Agentliyinin 1 saylı DOST Mərkəzi ilə tanış olublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilib ki, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyinin dövlət sosial xidmətlər sisteminə gətirdiyi innovativ yeniliklər barədə məlumat verilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf, çevik, vətəndaş rahatlığı və məmnunluğu prinsipinə uyğun göstərilməsinə imkan verdiyi vurğulanıb.
Qonaqlar mərkəzdə xidmət bölmələri, xidmətlərin göstərilməsi prosesi, mərkəzdəki vahid əlaqələndirmə mərkəzi ilə tanış olublar.Onlar üçün DOST konsepsiyasına dair təqdimat edilib.
Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu və DOST Agentliyi BSTA tərəfindən ümumilikdə üç Mükəmməllik Sertifikatı ilə təltif ediliblər.