“İnanıram ki, rus sülhməramlıları üç ildən sonra Qarabağdan gedəcəklər. Hələ o zaman deyirdim ki, beş ildən sonra çıxacaqlar”.
Teleqraf.com xəbər verir ki, bunu Xankəndindəki separatçı-terrorçu rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan deyib.
Onun sözlərinə görə, Rusiyanın Qarabağı tərk etməyəcəyi barədə açıqlamaları reallıqdan uzaqdır.
“Bu gün Rusiyanın Türkiyə və Azərbaycanla olan maraqları buna gətirib çıxaracaq. Ona görə deyirəm ki, biz özümüzə gəlib başqa həll yolları axtarmalıyıq. Sonuncu Soçi görüşündə Rusiya dedi ki, Qarabağ problemi var, həll olunmalıdır, amma Azərbaycan dedi ki, bu problem iki il əvvəl həll olunub. Həmin problemdən üstün olan daha böyük iqtisadi maraqlar ortaya çıxacaq”, - Babayan bildirib.
“Sülhməramlıların çıxarılması Qafqazdan geri çəkilmək demək deyilmi” sualına Babayan belə cavab verib:
“Onlar “Qafqazdan çıxmaq” deyəndə Ermənistanı nəzərdə tuturlar, buna görə də düşünürlər ki, Qarabağı tərk etməklə Qafqazı silkələməyəcəklər”.
Separatçı Rusiyanın Ermənistanı özününkü hesab etdiyini deyib.