Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir.
Apa xəbər verir ki, bunu noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışı zamanı deyib.
Dövlət başçısı vurğulayıb ki, biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik: “Əgər biz kimdənsə qorxsaydıq, heç vaxt İkinci Qarabağ müharibəsinə start verməzdik. Biz hər birimiz ölümə gedirdik, öldü var, döndü yoxdur, ya azadlıq, ya ölüm! İndi də ölümə getməyə hazırıq öz haqlarımızı tələb edərək. Çünki hələ də, - müharibə iki il bundan əvvəl başa çatsa da, - narahatedici məqamlar var və erməni xalqına müraciət edib sözümü demək istəyirəm. Onlar bu otuz ilin işğalının acılarını indi görürlər. İşğal nədir, itki nədir, indi görürlər. Biz, sadəcə olaraq, onlara cavab vermişik, biz öz torpağımızda vuruşmuşuq, işğalçını torpaqlarımızdan qovmuşuq. Onlar bunu anlamalıdırlar ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Biz burada əsas söz sahibiyik, biz burada əsas güc sahibiyik”.