7 noyabr 2022-ci il tarixində Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb. Görüşün baş tutduğu Blair House-da, nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə görüşü də keçirilib.
XİN-dən verilən məlumata görə, Nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd edib. Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq edib.
Onlar danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəlib.
Hər iki nazir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə təşəkkürünü bildirib.
***
02.56
Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ABŞ dövlət katibi Entoni Blinkenlə üçtərəfli görüşü başlayıb.
Bu barədə Azərbaycan XİN-in "Twitter" paylaşımında deyilir.
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ABŞ dövlət katibi Entoni Blinkenlə üçtərəfli görüşü başlayıb”, - deyə paylaşımda bildirilir. (Apa)