Şuşanın 270 illiyi və Zəfər günü Polşada təntənəli qeyd olunub - FOTO

Şuşanın 270 illiyi və Zəfər günü Polşada təntənəli qeyd olunub - FOTO backend

Şuşa şəhərinin 270 illiyi və Zəfər günü münasibətilə Azərbaycanın Polşadakı Səfirliyinin təşkilatçılığı ilə Polşa Milli Filarmoniyasında təntənəli konsert proqramı təşkil olunub.

Azərbaycanın Polşadakı səfirliyindən Apa-ya verilən xəbərə görə, Azərbaycan Dövlət Opera və Balet Teatrının bədii rəhbəri, maestro Əyyub Quliyevin dirijorluğunda tanınmış “Sinfonia Varsovia” orkestri tərəfindən görkəmli Azərbaycan və Polşa bəstəkarlarının əsərləri ifa olunub.

Tədbirdə Polşa hökumətinin, Seyminin və Senatının üzvləri, Polşa-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri, akademik, incəsənət və biznes dairələrin təmsilçiləri, Polşanın müftisi və dini icmaların üzvləri, diplomatik korpusun nümayəndələri, vətəndaşlar və soydaşlar, habelə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Beynəlxalq İnkişaf Agentliyinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova “Azərbaycan musiqisinin məbədi” və “Qafqazın konservatoriyası” kimi tanınan Şuşa şəhərinin Azərbaycan mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsləri və nailiyyətləri qeyd edib. Musiqi baxımından Avstriya üçün Vyananın, İtaliya üçün Neapolun daşıdığı önəmin Azərbaycanda Şuşa tərəfindən həyata keçirildiyini vurğulayıb.

Azərbaycan klassik musiqisinin və operasının banisi Üzeyir Hacıbəyli, Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Seyid Şuşinski, Xan Şuşinski kimi məşhur musiqiçilərin məhz Şuşada dünyaya göz açdığı bildirilib. 1858-ci ildə fransız yazıçısı Aleksandr Dümanın Qarabağ şahzadəsi və şair Xurşudbanu

Natəvanla tanış olması və onun ədəbi-bədii istedadına məftun qalması qonaqların diqqətinə çatdırılıb.

Ardınca səfir qeyd edib ki, tədbir eyni zamanda Şuşanın 28 illik işğaldan sonra azad edildiyi 8 Noyabr - Qələbə gününə həsr olunub. Beynəlxalq hüququn və ədalətin təntənəsini təmsil edən Qələbə günü milli qürurumuzun təntənəli təzahürünə çevrilib:

“Davamlı sülhün, inkişafın və tərəqqinin təmin edilməsi Azərbaycanın regionun gələcəyinə baxışının mərkəzində dayanır və rəsmi Bakı bu tarixi fürsətdən səmərəli istifadə etmək istəyən bütün tərəfdaşlarla işləməyə hazırdır”.

Tədbirdə fəxri qonaq qismində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edib.

Konsert proqramının ardınca qonaqlara ziyafət verilib, Azərbaycan mətbəxinin təamları və şirniyyatları onlara təqdim olunub.

Diaspora