“İranda baş verən hadisələrədən belə qənaətə gəlmək olar ki, bu ölkə təkcə öz xalqına deyil, bütün beynəlxalq ictimaiyyətə meydan oxuyur”.
Bunu "Report"a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, hazırda dünyanın üzləşdiyi beynəlxalq hüququn həyata keçirilməsindəki boşluqlardan İran fəal şəkildə istifadə edir.
“Çox təəssüf ki, İran bir çox məsələlərin həllində birtərəfli siyasət yürüdür”, - o bildirib.
İranın beynəlxalq hüquq normalarını pozmasından danışan politoloq rəsmi Tehranın müharibə aparan ölkəyə silah tədarük etməsinə də toxunub: "İran uzun illər tətbiq olunan sanksiyalar nəticəsində məruz qaldığı iqtisadi itkiləri silah satışı ilə kompensasiya edir. Eyni zamanda, hazırda Ukraynada baş verənlərə görə məsuliyyət İran və Rusiyanın üzərinə düşür”.
Ekspert hesab edir ki, İranın rəsmi şəxslərinə qarşı çoxsaylı sanksiyalar hələlik heç bir nəticə verməyib: “Amma əgər rəsmi Tehran bundan sonra da tərslik etməkdə davam edərsə, əlbəttə ki, bunun sonu yaxşı olmayacaq. İran hazırda beynəlxalq təcrid vəziyyətindədir və hələ də əlaqələri pozulmamış ölkələrlə mümkün qədər münasibətləri qorumalıdır".