İranın sözü ilə əməli arasındakı ciddi təzadlar təəssüf doğurur - Cəlil Xəlilov

İranın sözü ilə əməli arasındakı ciddi təzadlar təəssüf doğurur - Cəlil Xəlilov backend

Ermənilər məscidlərimizdə donuz saxlayanda İran bir dəfə də olsun səsini çıxartmadı, amma indi Araz çayı boyunca təlimlər keçirir, qeyri-müəyyən, xoş olmayan bəyanatlar səsləndirir.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. O qeyd edib ki, 30 illik erməni işğalı dönəmində tam susqunluq sərgiləyən İranın indi dəridən-qabaqdan çıxması anlaşılan deyil: “Azərbaycan torpaqları otuz il ərzində Ermənistanın işğalı altında qaldı və bu müddətdə İran bir dəfə belə olsun nə Ermənistan, nə də işğal altındakı torpaqlarımızla sərhəddə hər hansı təlim keçirmədi. Əksinə, Ermənistanla əlaqələrini genişləndirdi. 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi Zəfər əldə edəndən sonra İran ölkəmizə münasibətdə xoş olmayan davranışlar sərgiləməyə başladı. İran tərəfindən Azərbaycanı birbaşa və ya dolayı hədəf seçən absurd ittihamlar səsləndirildi, sərhədlərimiz yaxınlığında irimiqyaslı hərbi təlimlər keçirildi. Oktyabrın 21-də Qafanda İranın Baş Konsulluq açması, eləcə də, Təbrizdə Ermənistanın Baş Konsulluğunun açılması istiqamətində atılan addımlar İran-Ermənistan əlaqələrinin necə böyük sürətlə genişləndiyinə sübutdur.

Hesab edirəm ki, İran Azərbaycanla tarixi dostluq və qonşuluq siyasətinə sadiq qalmalı, dövlətimizin milli maraqlarına hörmətlə yanaşmalıdır. Çünki Azərbaycan hər zaman İranın maraqlarına hörmətlə yanaşıb, heç vaxt ona qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb. Belə olan halda İranın nə İslam həmrəyliyi, nə də qonşuluq və dostluq siyasəti ilə bir araya sığmayan addımları təəccüb doğurur. Ümumiyyətlə, təəssüflə qeyd etməliyəm ki, bir çox hallarda İran rəsmilərinin sözü ilə əməli arasında ciddi təzad müşahidə edilir”.

“Ümid edirik ki, İran dövləti hər şeydən öncə onun özünün nüfuzuna xələl gətirən bu cür addımlardan imtina edəcək, Azərbaycanın sülh və mehriban qonşuluq səylərini dəstəkləyəcək, ölkəmizin onun üçün önəmini anlayacaq”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Diaspora