Finlandiya XİN Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması prosesini dəstəkləyir.
Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşən Finlandiya Xarici İşlər Nazirliyində Beynəxalq ticarət üzrə dövlət katibinin müavini Nina Vaskunlahti deyib.
Tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, çoxtərəfli əməkdaşlıq münasibətləri, Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq istiqamətləri üzrə, habelə regional vəziyyət barədə müzakirə aparıblar.
Görüş zamanı, o cümlədən, siyasi, iqtisadi, humanitar, təhsil, yüksək texnologiyalar, sərmayə qoyuluşu, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan regional enerji və nəqliyyat layihələri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə mövzusu olub.
Nazir Ceyhun Bayramov 44-günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, habelə mina təhlükəsi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin cari vəziyyəti barədə məlumat verib. O, Azərbaycana qarşı həyata keçirilən təcavüzkar və işğalçılıq siyasətinə rəğmən, ölkəmizin beynəlxalq hüquq prinsipləri əsasında Ermənistanla sülh müqaviləsi imzalanması təşəbbüsü ilə çıxış etdiyini diqqətə çatdırıb.
Nazir iqtisadi sahədə, xüsusilə enerji resurslarının diversifikasiyası istiqamətində Azərbaycanın önəmli rolundan bəhs edib. Bu xüsusda, Aİ-yə qaz nəqlinin iki dəfə artırılmasını, o cümlədən alternativ enerji mənbələrinin inkişafında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan və Aİ arasında mövcud ticarət dövriyyəsinin məmnunluq doğurduğu, habelə dövriyyənin daha da artırılması üçün imkanların mövcud olduğu diqqətə çatdırılıb.
Dövlət katibinin müavini Nina Vaskunlahti Azərbaycan və Finlandiya arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. Xüsusilə də, iqtisadiyyat və ətraf mühitin qorunması, təhsil, yüksək texnologiyalar üzrə əməkdaşlıq istiqamətləri, habelə Finlandiyanın iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələri qeyd edib.
Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.