Komitə sədri Gürcüstanın təhsil və elm naziri ilə görüşüb

Komitə sədri Gürcüstanın təhsil və elm naziri ilə görüşüb backend

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüşüb.

Görüşdə Prezident İlham Əliyevin bu günlərdə qonşu dövlətə səfərinin əhəmiyyəti, bu səfərin ölkələrimiz arasındakı münasibətlərə verdiyi töhfələrdən danışılıb, Gürcüstanda yaşayan soydaşlarımızın həyat və fəaliyyətlərinin, xüsusilə təhsil problemlərinin hər zaman ən yüksək səviyyələrdə diqqət mərkəzinə gətirildiyi qeyd edilib.

Görüşdə komitənin fəaliyyəti barədə ətraflı məlumat verilib, Gürcüstanda yaşayan azərbaycanlılara yaradılan təhsil imkanlarından, azərbaycanlı gənclərin milli azlıqlar üçün nəzərdə tutulmuş “1+4" proqramından yararlanmasından danışılıb. Komitənin dəstəyi ilə bu günə qədər Marneulidəki Azərbaycan Evində keçirilmiş abituriyent hazırlığı kurslarını 171 nəfərin bitirdiyi, onların 65 faizinin Gürcüstanın ali təhsil müəssisələrinə daxil olduğu barədə məlumat verilib.

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı rayonlarda və paytaxt Tbilisidəki Azərbaycan Evi tipli mərkəzlərdəki kursların fəaliyyətindən, burada soydaşlarımızın ana dilini, gürcü və ingilis dillərini öyrənmələrindən, əlavə olaraq 15 fənn üzrə hazırlıq keçmələrindən, eləcə də Heydər Əliyev Fondunun qonşu dövlətdə həyata keçirdiyi layihələrdən söz açılıb.

Səmimi qəbula görə təşəkkür edən Mixeil Çxenkeli Azərbaycanda keçirdiyi görüşlər haqqında danışıb, Tbilisi Dövlət Universitetində azərbaycanşünaslıq ixtisasının tədris edildiyini, Gürcüstanda Azərbaycan dilinin tədrisinin artırılması və gürcü dilinin tədrisinə dair BDU ilə ilkin müzakirələr aparıldığını bildirib.

Görüşdə Gürcüstandakı Azərbaycan məktəblərinin sayının azalması, tədris olunan fənlər üzrə milli kadrların çatışmazlığını aradan qaldırmaq və Azərbaycandilli pedaqoji kadrların hazırlanması üçün elmi potensialın gücləndirilməsi, Gürcüstan və Azərbaycanın ali təhsil müəssisələrinin mövcud potensialından istifadə etməklə bu problemin həlli üçün yeni imkanların yaradılması, dərsliklərlə təminat, azərbaycanlı müəllimlərin sertifikasiya məsələləri ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb, onların həlli istiqamətində addımlar atıldımasının vacibliyi vurğulanıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirəcəyi layihələr də müzakirə olunub.

Diaspora