"Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır".
Qaziler.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata verdiyi birgə bəyanatda deyib.
Onun sözlərinə görə, iki ölkə arasında misilsiz dostluq və sıx münasibətlər var: "Həmin münasibətlər tarixi əlaqələrə, qarşılıqlı hörmətə arxalanır. Mən əminəm ki, hazırkı mövcud olan əməkdaşlığımız ölkələrimiz və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq".
Baş nazir bildirib ki, Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır: "Biz artıq həyata keçirdiyimiz mühüm layihələri nəzərdən keçiririk. Bunlar tarixi layihələrdir. Bu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri və Orta Dəhliz layihələridir. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və işləri daha da sürətləndirmək niyyətindəyik".