İsrailin keçmiş rabitə naziri (2017-2019) Ayub Kara niyə məhz Azərbaycanı dəstəklədiyini izah edib.
O, bu barədə “İsrael hayom” qəzetindəki məqaləsində yazıb.
Həmin məqaləni oxucularımıza təqdim edirik.
“İsrailli bir nazir kimi böyüyərkən Holokost həmişə həyatımın əsas hissəsi olub. Hər həftə sonu Tel-Əvivdən bir ailə evimizə gəlirdi. Onların adları Roza və Ernest Qold idi. Başa düşürdüm ki, onlar Avropadan Holokosta görə qaçıblar. Babam onları tanıyırdı və heç bir yaxınları, övladları olmadığı üçün onları ailəmizin bir hissəsi olmağa dəvət etdi. Onlar heç vaxt uşaq sahibi ola bilmədikləri üçün məni övladlığa götürdülər. Bu tərbiyə sayəsində bütün soyqırımı və etnik təmizləmə qurbanlarına həmişə prinsipial hörmətim olub. Ona görə də mən həmişə Azərbaycanla həmrəyəm.
Mən iki dəfə Qarabağa səfər etmişəm və burada Ermənistanın Azərbaycana qarşı apardığı kampaniyanın şəxsən şahidi olmuşam. Qarabağ bölgəsi və Azərbaycanın digər yeddi rayonu BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin əksinə olaraq, otuz ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılıb. İkinci Qarabağ müharibəsi başa çatdıqdan altı ay sonra Şuşada və Ermənistan-İran sərhədi boyunca, ən son isə ötən ilin iyununda Qafqazın Xirosiması kimi tanınan Ağdamda olmuşam. Hər iki səfərdə mən sırf ora çatmaq üçün xaraba evlər və kəndlər, yandırılmış əkin sahələri və çirkləndirilmiş çayların arasından keçmişəm.
Ağdamın vəziyyəti xüsusilə ağır idi. Orada olan hər şey, istər soyuducu, istər mebel, istər tikinti materialları, istərsə də ailə yadigarları Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən müsadirə edilib, sonra isə iranlılara satılıb.
Orada gördüklərim mənə Birinci Livan Müharibəsi zamanı şahidi olduğum dəhşətli vəziyyəti xatırlatdı. Əslində Qarabağda gördüklərim Livanda gördüklərimdən də pis idi. Çünki Livanda heç olmasa çaylarda balıq, çöldə inək tapmaq olardı. Qarabağda isə hətta belə şeylərə də rast gəlmək mümkün deyildi.
Azərbaycan həm öz xalqının, həm də erməni xalqının parlaq gələcəyinə nail olmaq üçün Ermənistanla sülh müqaviləsi bağlamağa hazır idi. Ötən ilin avqustunda Azərbaycan və Ermənistan sonuncunun blokada vəziyyətinə son qoyacaq və həm Azərbaycan, həm də Ermənistana firavanlıq, sülh və parlaq gələcəyə nail olmağa kömək edəcək daimi sülh müqaviləsi imzalamağa çox yaxın idilər. Lakin iki ölkə arasında aparılan danışıqlarda Ermənistanın baş naziri Nikol Paşinyan son anda hər iki ölkə arasında artıq razılaşdırılmış məsələlərdə geri çəkilmək qərarına gəldi, üçtərəfli sazişləri pozaraq, Azərbaycanın Qarabağ və yeddi rayonu üzərindəki hüquqlarını tanımaqdan imtina etdi.
Və sonra onun ölkəsi sentyabrın ortalarında Azərbaycan əsgərlərinə hücum etmək qərarına gəldi, 80 Azərbaycan əsgərini öldürdü, əlavə olaraq bölgəyə daha çox piyada əleyhinə minalar yerləşdirdi. Bu reallıq Qarabağ bölgəsini faktiki olaraq yaşayış üçün yararsız etdi və çoxlu sayda günahsız azərbaycanlının ölümünə səbəb oldu. Faktiki olaraq son vaxtlar minalardan 240-dan çox azərbaycanlı həlak olub və Ermənistanın beynəlxalq hüququ pozaraq yerləşdirdiyi minalara görə Qarabağın yalnız 11270 kvadrat kilometr ərazisi yaşayış üçün yararlıdır.
Təxminən eyni dövrdə erməni diasporunun üzvləri Azərbaycanın Parisdəki səfirliyinə hücum ediblər ki, bu da özlüyündə beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Amma Ermənistanın başlatdığı sərhəd toqquşmalarından sonra Azərbaycan özünü müdafiə etmək qərarına gələndə birdən mediada, sosial şəbəkələrdəki yoxlanılmamış mesajlar əsasında İsrail dövlətini Azərbaycanla müttəfiqlikdə ittiham edən müəyyən səslər eşidildi. Onlardan bəzilərinin tamamilə yalan olduğu ortaya çıxdı.
Buna misal olaraq 2022-ci il oktyabrın 13-də “The Jerusalem Post” qəzetində dərc olunmuş “Erməni yəhudisi kimi hiss etdiyim rüsvayçılıq” adlı məqaləni göstərmək olar. Bu, İsrail və Azərbaycan arasında mövcud dostluq münasibətlərinə kölgə salmağa çalışan təbliğat xarakterli məqalədir. Bu, açıq şəkildə ədalətsizlikdir. Ermənistan İran İslam Respublikasının, Azərbaycan isə Tehrana münasibətdə İsrailin gözü və qulağıdır. Bundan əlavə, Azərbaycan multikultural, plüralist və tolerant ölkədir. Mən şəxsən şahidi oldum ki, Bakıdakı əsas erməni kilsəsi tarixi irsin qorunması məqsədilə saxlanılıb, Qarabağda isə hazırda kilsələrin bərpası prosesi gedir.
Əksinə, Ermənistan Qarabağ bölgəsini təxminən otuz ilə yaxındır işğal etdiyi müddətdə saysız-hesabsız Azərbaycan məscidlərini, hətta bir neçə Alban və Rus Pravoslav kilsəsini dağıdıb. Həmçinin, bu işğala baxmayaraq, Azərbaycanda hələ də inkişaf edən xristian icması var. Mən Bakının mərkəzində bir neçə kilsəyə və xristian muzeyinə baş çəkmişəm. Halbuki azərbaycanlılar Ermənistanda etnik təmizlənməyə məruz qalıblar.
İsrailin Holokosta bağlılığına görə ölkəmizi Azərbaycanla ittifaq yaratmaqda ittiham edənlər var. Guya Qafqazın tarixi 1915-ci ildə başa çatıb və son Xocalı soyqırımı baş verməyib. Bununla belə, mən iddia edirəm ki, məhz Holokostla əlaqəmizə görə multikulturalizmin, dini tolerantlığın və plüralizmin milli siyasət olduğu və dəhşətli etnik təmizləmə kampaniyasının qurbanı olmuş bir ölkəni dəstəkləməliyik. İran İslam Respublikası üçün vəkil kimi xidmət edən və “Pallywood” üslubunda gündəmini müəyyənləşdirmək üçün sistematik olaraq video və fotoşəkilləri saxtalaşdıran bir ölkəni yox”.