Ermənistana silah verməyə İrana kimsə mane ola bilməz.
Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına müsahibəsində İranın erməni əsilli deputatı Robert Beqleryan deyib.
“İran çox güman ki, müvafiq mexanizmlər vasitəsilə məsələni müzakirə etmək və Ermənistana faydalı olmaq istəyini ifadə edəcək. Hazırda iki ölkənin müvafiq rəsmiləri səviyyəsində bununla bağlı danışıqların aparılıb-aparılmadığını deyə bilmərəm. Ancaq istisna etmirəm ki, İran silahının Ermənistana verilməsi imkanları var və olacaq”, - o bildirib.
Qeyd edək ki, bundan öncə Ermənistan Hindistanla 244 milyon dollar dəyərində silah sazişi imzalayıb. Sazişə əsasən, Hindistan “Pinaka” çoxlüləli raket qurğusu, tank əleyhinə raket və sursatlar verəcək.
Xatırladaq ki, 2020-ci ildə Hindistan İrəvana dörd “Swathi” radarı verib. Bu radarlar daxil olan artilleriya mərmilərini, minaatanları və raketləri izləmək, düşmənin buraxılış qurğularını və mövqelərini müəyyən etmək üçün istifadə olunur.