“Ermənistan dövlətinin yaranması və mövcudluğu ancaq Rusiyanın sayəsində mümkün olub. Rusiya olmasaydı, Ermənistan öz kimliyini qoruyub saxlaya bilməzdi. Qərb isə bu gün Ermənistanı Rusiyadan qoparmağa çalışır”.
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında rusiyalı siyasi ekspert Yevgeni Mixaylov Fransa Prezidenti Emmanuel Makronun Rusiyanı Ermənistanı zəiflətməyə çalışmaqda ittiham etməsinə dair bəyanatını şərh edərkən bildirib.
Rusiyalı ekspertin sözlərinə görə, Makronun Rusiyanı Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Ermənistan və Azərbaycan arasında son toqquşmaları qəsdən təhrik etməkdə ittiham etməsi tamamilə axmaqlıqdır:
“Fransa regionda təsir gücünü itirib. Rusiya Prezidenti Vladimir Putin onunla danışmaqdan imtina edib. Ümumiyyətlə, Makron qeyri-stabil siyasətçidir. Onun Rusiyanı Ermənistanı zəiflətməyə çalışmaq istəməkdə ittiham etməsi heç bir çərçivəyə sığmır. Məhz Rusiya Federasiyası Ermənistanın əsas təhlükəsizlik qarantıdır. Məhz Rusiyanın hərbçiləri Ermənistanın sərhədlərini mühafizə edirlər. Ümumilikdə, Rusiya Ermənistan Respublikasının təhlükəsizliyini təmin edir. Fransa isə Rusiyaya düşmən ölkədir”.
Mixaylov Nikol Paşinyanın təklifi əsasında Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinin Ermənistan hissəsinə missiya göndərmək planlarının perspektivsiz olduğunu qeyd edib:
“Göndərilməsi planlaşdırılan Avropa İttifaqının sərhəd missiyası tamamilə perspektivsizdir. Bu, ilk növbədə Ermənistanın dəstəklənməsinə yönəlmiş addımdır. Məqsəd isə 100 ildən çoxdur ki, Rusiyanın protektoratı olan Ermənistanı ondan tamamilə qoparmaqdır. Ümumiyyətlə, Rusiya olmasaydı, Ermənistan öz kimliyini qoruyub saxlaya bilməzdi. Ermənistan dövlətinin yaranması və mövcudluğu ancaq Rusiyanın sayəsində mümkün olub. Ona görə də, hesab edirəm ki, Makronun ittihamları əsassızdır. Fransa prezidentinin indi heç bir seçimi yoxdur. Makron Afrikanı itirib, Fransa hər yerdə təsir gücünü itirməkdədir, ölkə daxilində problemlər mövcuddur. Ona görə də, Makronun bəyanatlarını indi ciddi qəbul etmək olmaz”.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron “France 2” telekanalının efirində Rusiyanı Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Ermənistan və Azərbaycan arasında son toqquşmaları qəsdən təhrik etməkdə ittiham edib.