Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana “ənənəni davam etdirməyi” və Aktauda (Qazaxıstanın cənub-qərbində) Azərbaycanla üçtərəfli görüş keçirməyi təklif edib.
Bu barədə çərşənbə günü Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasından sonra Qazaxıstan Prezidentinin mətbuat xidmətindən məlumat verilib.
“Bu ilin iyununda Bakıda üçtərəfli formatda (Azərbaycan, Qazaxıstan və Türkiyə - red.) görüş keçirilib. Biz bu ənənəni davam etdirmək niyyətindəyik. Növbəti görüşün Aktauda keçirilməsini təklif edirik”, - Tokayev bildirib.
Liderlər həmçinin Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Çindən Avropaya uzanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı ilə bağlı razılığa gəliblər.
“Ümumiyyətlə, tranzit və nəqliyyat əlaqələri ikitərəfli ticarətin potensialının artırılmasında mühüm rol oynayır. Biz nəqliyyat xərclərini və çatdırılma müddətlərini azaltmaq üçün Transxəzər dəhlizinin inkişafına çağırırıq. Bugünkü görüşdə biz bu məsələni müzakirə etdik və ümumi bir fikirə gəldik”, - Qazaxıstan Prezidenti vurğulayıb.
Tokayev tərəflərin bu marşrut üzrə nəqliyyatın həcminin artırılmasında maraqlı olduğunu qeyd edib. Onun sözlərinə görə, bu strateji layihə regionda sabitliyin qorunması üçün böyük əhəmiyyət kəsb edir.
“Bu il yeddi ayda bu marşrut üzrə daşımaların həcmi 2,5 dəfə artaraq 1 milyon tona çatıb. Bu kontekstdə “Orta Dəhliz”in inkişafı vacibdir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu dövlətlərimizi birləşdirir”, - deyə o, əlavə edib. (oxu.az)