Üçtərəfli görüşə aid olan sənəd rəsmi Bakının təkidi ilə redaktə edildi - FOTO

Üçtərəfli görüşə aid olan sənəd rəsmi Bakının təkidi ilə redaktə edildi -  FOTO backend

Bir sıra “Telegram” kanallarında Azərbaycan və Ermənistan arasında bütün münaqişə məsələlərinin yekun həlli üçün tərəflərin atacaqları addımların təfərrüatları ilə bağlı sənəd dərc edilib.

Amma məlum oldu ki, internetdə yerləşdirilən sənəd məhz qaralamadır, son variantda Azərbaycan tərəfinin təkidi ilə Qarabağla bağlı bəzi məsələlər və ifadələr fərqlənir.

Sənədin “Telegram” kanalları tərəfindən dərc edilmiş qaralama variantında üçüncü abzas aşağıdakı redaktədə təqdim edilib:

“Azərbaycan hökuməti Dağlıq Qarabağda rezident şəxslərin hüquqlarını və təhlükəsizliyini müzakirə etmək üçün Dağlıq Qarabağın etnik erməni icmasının analoji nümayəndəsi ilə işləmək üçün nümayəndə təyin edəcək. Nümayəndələr müzakirələrin beynəlxalq ictimaiyyət üçün şəffaf olmasını təmin edəcəklər. Tərəflər həmçinin Dağlıq Qarabağdakı azlığın müdafiəsinə etimadı təmin etmək üçün Azərbaycanın suverenliyinə xələl gətirmədən beynəlxalq müşahidəçilərin rolunu nəzərdən keçirməyə davam edəcəklər”.

Amma sonra rəsmi Bakının təkidi ilə sənədin razılaşdırılmış yekun variantında mətn aşağıdakı kimi dəyişdirilib:

“Azərbaycan hökuməti Qarabağ sakinlərinin hüquq və təminatlarını müzakirə etmək üçün Qarabağın etnik erməni icmasının analoji nümayəndəsi ilə işləmək üçün nümayəndə təyin edəcək. Nümayəndələr beynəlxalq ictimaiyyət üçün müzakirələrin şəffaflığını təmin edəcəklər. İştirakçılar Qarabağdakı azlıq qruplarının müdafiəsinə etimadın təmin edilməsi üçün Azərbaycanın suverenliyinə xələl gətirmədən məsləhət əsasında beynəlxalq tərəfdaşların rolunu nəzərdən keçirəcəklər”.

Beləliklə, yekun sənəddə ən əsas və prinsipial dəyişiklik əslində Azərbaycanın Qarabağ üzərində suverenliyinin danılmazlığını bir daha vurğulayan “məsləhət əsasında” ifadəsinin əlavə edilməsidir.

Yəni məhz rəsmi Bakı qərarları özü bildiyi kimi verəcək, Azərbaycan hakimiyyətinin bu və ya digər təklifi məqsədəuyğun hesab edib-etməməsindən asılı olaraq digər tərəflərin “məsləhətçi” rəyi nəzərə alına da, alınmaya da bilər.

Sənədin yekun variantında tərəflər arasında, Azərbaycan siyasi leksikonunda “Dağlıq Qarabağ” bölgəsinin “Qarabağ” adlanması ilə bağlı istinad da əlavə edilib.

Qeyd edək ki, sentyabrın 27-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ nümayəndə heyətlərinin üçtərəfli görüşü keçirilib.

Mənbə: “Vchkogpu” “Telegram” kanalı

Diaspora