Paşinyanın təklifindən Əliyev imtina edib?

Paşinyanın təklifindən Əliyev imtina edib? backend

Ermənistan Baş naziri Nikol Paşinyan Praqada Azərbaycan Prezidenti İlham Əliyevə bütün kommunikasiyaların açılması ilə bağlı təklif verdiyini bildirib.

Bu barədə sosial şəbəkə hesabında yazan Paşinyan qeyd edib ki, əvəzində İlham Əliyevdən bu təklifə müsbət reaksiya almayıb.

“Təkrar edirəm, Ermənistan bütün regional kommunikasiyaların açılmasına öz suverenliyinə hörmət və qanunvericiliyi daxilində hazırdır”, - Paşinyan yazıb.

Prezident İlham Əliyevin Paşinyanın bu paylaşımından əvvəl verdiyi müsahibə və açıqlamaları isə onu deməyə əsas verir ki, Ermənistan baş naziri, yumşaq desək, yalan deyir, Azərbaycan liderinin ittihamını “öz tərəfindən” təkrarlayır və öhdəlikdən yayınma gedişlərini davam etdirir.

Belə ki, İlham Əliyev ötən gün Azərbaycan kanallarına verdiyi açıqlamada Paşinyandan Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirəcək yol istədiyini, ancaq buna müsbət cavab almadığını, bununla da Paşinyanın 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəlikdən biabırcasına yayınmağa çalışdığını bildirmişdi.

Daha bir nüans da var: “Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid vermək istənilməməsi anlaşılan deyil”, - İlham Əliyev deyir.

Xatırlayırsınızsa, Nikol Paşinyan Ermənistanın kommunikasiyaları açmağa hazır olduğunu, “elə günü bu gün” azərbaycanlıların Qazax istiqamətindən Ermənistana daxil olaraq, Naxçıvana getməsinə şərait yarada biləcəkləri haqda cəfəngiyyat danışmışdı.

Erməni baş nazir nə yolla olursa-olsun, “Zəngəzur yolu” mövzusunu unutdurmağa çalışır. Azərbaycanlıların Qazaxdan girərək, bütün Ermənistanı dolanıb, Naxçıvana getməsi kimə və nəyə lazımdır?

Ona görə Prezident İlham Əliyev bildirir ki, (Naxçıvana gedən) dəmir yolu və avtomobil yolunun haradan keçməli olduğunu hamı bilir. Söhbət Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən və Prezident İlham Əliyevin xüsusi vurğu ilə “orada o qədər də böyük hissə yoxdur” (təxminən 30-40 km-lik dəhlizdir – red.) dediyi Zəngəzurdan gedir.

Ermənistan isə bir daha və bir daha 10 noyabr bəyanatında əksini tapan sözlərdən sui-istifadə etməklə məşğuldur. “Bəyanatda Zəngəzur sözü yoxdur” arqumentindən yapışıb, “Azərbaycanın qərb rayonları” deyərkən, Qazaxın da “qərb rayonu” olduğunu bildirmək üçün yalnız erməni olmaq lazımdır; bu siyasi riyakarlığın apogeyi sayılan və siyasi mədəniyyətə, siyasi əxlaqa, dövlət xadiminə qətiyyən uyğun gəlməyən manipulyasiya ədalətli həlli dalana dirəyir və Bakını hövsələdən çıxarmağa hesablanıb.

Nikol Paşinyan 10 noyabr bəyanatını imzalayandan bəri 2 ildir bu cür siyasi əxlaqsızlıqla məşğuldur: gah Qarabağdan bütün silahlı birləşmələri çıxardıqlarını, qalanların yalnız “separatçıların özünümüdafiə qüvvələri” olduğunu deyir, gah da Rusiya Sərhəd Xidmətinin qoruması altında, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz (!!!) gediş-gəlişi təmin edəcək yolla bağlı yuxarıda qeyd etdiyimiz “əsəb oyunu” ilə məşğul olur.

Nəticə etibarilə öhdəliklərdən ermənicəsinə yayınır.

Paşinyan kapitulyasiya aktını imzaladıqdan sonra onun mətnini qarşısına qoyub, “söz oyunu” və həll yollarını kəsmək üçün ifadələri istismar etməyə girişib.

Azərbaycan diplomatiyasının qarşısında bu cür əxlaqsız dəstə dayandığı üçün vaxtaşırı olaraq Ordumuz Sözünü deyir!

Axar.az / Şeyx Teymur

Diaspora