Ermənistanın Xorvatiyadakı səfirliyi Azərbaycan həqiqətlərini yayan “Veçernıy list” qəzetinin müxbiri Hassan Haydar Diapı ölümlə hədələyib.
Bunu Gəncədə səfərdə olan Hassan Haydar Diap “Report”a bildirib.
Xorvatiyalı jurnalist ermənilərin törətdikləri cinayətlər barədə silsilə yazılar hazırladığını qeyd edib:
“Amma mən heç bir təhdiddən qorxmayaraq haqq olanı deməkdə davam etdim. Ermənilər Azərbaycanda törətdikləri bütün cinayətlərə görə beynəlxalq hüquq normaları çərçivəsində mühakimə olunmalıdırlar.
Dünyanın hansı ölkəsində dinc insanlara qarşı bu qədər vəhşilik törədib, onları qətlə yetirsəydilər, beynəlxalq aləm buna susmazdı, onları mühakimə edərdilər. Maraqlıdır, görəsən ermənilərin Azərbaycanda törətdikləri bu cinayətlərə görə cəzaları olacaqmı?
Gəncəyə, Bərdəyə, Tərtərə, digər şəhər və rayonlara atılan raketlər dinc əhaliyə qarşı qətliamdır”.
O, qeyd edib ki, Gəncə Vətən müharibəsi zamanı hərbi əməliyyatların keçirildiyi ərazidən azı 70-80 kilometr aralıda olub:
“Bura raketlərin atılmasında məqsəd dinc əhalini məhv etmək, infrastruktura zərbə vurmaq idi. İndi hər kəsin vəzifəsi bu cinayətləri bütün dünyaya çatdırmaqdır.
Mən illərdir Azərbaycanın ərazilərinin ermənilər tərəfindən zəbt olunmasını və onların Xocalıda törətdikləri vəhşilikləri yada salmaq istəyirəm. Xocalı hadisəsi əsil genosiddir.
Amma erməni vəhşiliyi tək Xocalı faciəsi ilə bitmir. Son müharibə də xeyli sayda dinc əhali qətlə yetirilib. Mən bundan öncəki səfərlərimdə də bütün gördüklərimi Xorvatiyada ictimaiyyətin diqqətinə çatdırdım. Yenə də çatdırmağa davam edəcəm”.